Özünü “Rusiyanın adamı” kimi aparan gürcü prezident Azərbaycanı niyə tələsdirir?


Rəsmi Bakıdan Zurabişvilyə növbəti cavab: “Azərbaycan bu prosesi ən qısa müddət ərzində başa çatdırmağa hazırdır”; Arzu Nağıyev:“çoxsaylı azərbaycanlılar yaşayan ərazilərdə problemlərin yaranması ilk növbədə onlara lazim deyil”

Gürcüstan prezidenti Salome Zurabişvili davamlı şəkildə Azərbaycanla sərhədlərin dəqiqləşdirilməsi məsələsini gündəmə gətirməkdədir. Gürcü prezidentin niyə belə tələsdiyi hələ ki, heç kəsə dəqiq bəlli deyil.

“Amerikanın səsi” radiosunun gürcü dili redaksiyasına müsahibəsində Zurabişvili öz aləmində “yol xəritəsi”ni də təsvir edib. “Sovet İttifaqının sonuna yaxın, 1938-ci ilin xəritələrinə əsasən inzibati sərhəd olan sərhəd mövcud idi. O zamandan sonra yeni xəritələr olmayıb. Hüquqi prinsiplərdən çıxış edərək, bu, adi qərardır. Daha sonra bu barədə razılığa gəlmək olar. Yekun olaraq mövqe elə də kəskin olmur, lakin bu, bizim ilkin mövqeyimizdir və bizim dostlarımıza məlumdur”-deyə, gürcü prezident deyib. S.Zurabişvili həmçinin Keşikçi Dağı (David Qareci) məbədinə ziyarətinə də aydınlıq gətirib: “Yeni bir şeyin baş verdiyini demək düzgün deyil. Mən məbədi əvvəllər də ziyarət etmişəm. Tarixi düşüncəli vətənpərvər olduqlarını iddia edən şəxslərin məbədə ziyarətimi müəyyən təxribatın tərkib hissəsi olduğunu bildirmələrinə çox təəccüblənirəm. Prezident ölkədə olan hər hansı bir yerə səfər etməməlidir? Bəzi reaksiyalara çox təəccüblənirəm”.

ZurabiÅvili ile ilgili görsel sonucu

Lakin xanım Zurabişvili öz davranışları ilə iki dost ölkə arasındakı strateji müttəfiqlik münasibətlərinə xələl gətirdiyinin fərqində olmadığını nümayiş etdirir. Gürcüstanın Ermənistanla sərhədləri də dəqiqləşdirilməyib. Eyni zamanda ölkənin 20 faiz ərazisi Rusiya tərəfindən işğal edilib. Ancaq gürcü prezident nə Rusiyaya, nə də onun bölgədəki forpostu Ermənistana qarşı hansısa iddia ilə çıxış etmir, Azərbaycanla məbəd davası aparır. Bu da onun öz təlimatlarını Rusiyadan aldığı barədə versiyaları stimullaşdırır. Üstəlik, Zurabişvilinin Gürcüstanda NATO bazasının qurulmasına qarşı çıxması da onun haqqında səslənən Rusiyanın adamı ittihamlara rəvac verir.

Gürcüstan Baş nazirinin müavini, daxili işlər naziri və Milli Təhlükəsizlik Şurasının katibi Georgi Qaxaria da Zurabişvilinin kilsə iddiasına reaksiya verib. Deyib ki, Gürcüstan-Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyası çox qısa müddətdə həllini tapmalıdır. Heç kim bu cür məsələlərdən sui-istifadə edib ölkədə etnik zəmində qarşıdurma yarada və Gürcüstan-Azərbaycan münasibətlərinə xələl gətirə bilməz. Nazir insanları bu cür məsələlərdə son dərəcə ehtiyatlı olmağa və milli zəmində münaqişə yaratmamağa çağırıb. O, Gürcüstan hökumətinin bu məsələdə qardaş Azərbaycan ilə razılığa gələcəyinə ümid etdiyini bildirib. Nazir deyib: “Mən insanları birmənalı şəkildə milli və etnik münaqişələrə səbəb ola biləcək məsələlərdən uzaq olmağa çağırıram. Biz inanırıq ki, demarkasiya məsələsində strateji tərəfdaşımız olan qardaş Azərbaycan ilə razılığa gələcəyik. Bu razılıq əsasında bütün mədəni irs məsələləri də əksini tapacaq”.

Qeyd edək ki, S.Zurabişvilinin məbədi ziyarətindən və sərhədçilərlə görüşündən sonra bəzi gürcü siyasətçilər Azərbaycan–Gürcüstan sərhədində yerləşən “Keşikçidağ” məbədi (və ya “David Qareci” məbədi) ilə bağlı məsuliyyətsiz bəyanatlar yaymaqla ictimaiyyəti çaşdırmağa çalışırlar.

arzu naÄıyev ile ilgili görsel sonucu

Politoloq Arzu Nağıyev “Yeni Müsavat”a bildirdi ki, Gürcüstan prezidenti xanım Zurabişvilinin Azərbaycanla bağlı son bəyanat və davranışlarında elə bir yenilik görünmür: “Təbii ki, verilən bəyanatları da öz siyasi məqsəd və məramları üçün istifadə etməyə çalışan qüvvələr yetərincədir. Bu maraqlı qüvvələrin ən birincisi elə ermənilərdir. Onlar hər vəcdlə çalışırlar ki, Azərbaycan və Gürcüstan arasındakı münasibətlərdə inamsızlıq yaransın və gələcəkdə bunu öz xeyirlərinə istifadə etsinlər. Bu məsələ əsasən, son vaxtlar sərhədlərin demarkasiyası və delimitasiyası ilə bağlıdır”. A.Nağıyev qeyd etdi ki, Gürcüstanın daxili işlər naziri, təhlükəsizlik Şurasının katibi Georgi Qaxariya bununla bağlı da çıxışında doğrudan da etnik nifaq salmaq istəyən qüvvələrin olduğunu qeyd edib: “Təbii ki, Gürcüstanı bu, ilk növbədə narahat edir. Çünki çoxsaylı azərbaycanlılar yaşayan ərazilərdə problemlərin yaranması ilk növbədə onlara lazim deyil. Abxaziya və Acarıstan məsələsinin həll edilməməsi halında, ermənilərin yaşadığı Cavaxetiyada yeni bir münaqişənin əlavə olunması artıq çox acınacaqlı sonluğa gətirib çıxara bilər”. Politoloq məsələnin Bakıda da müzakirə olunduğunu qeyd etdi: “Sərhədlərin demarkasiyası ilə bağlı xanım Zurabişvilinin Azərbaycan Prezidenti cənab İlham Əliyevlə görüşündə də müzakirələr aparıldı. Azərbaycanla Gürcüstan sərhədindəki “Keşikçi Dağ” monastrı ətrafında gərginliyə gəldikdə, Azərbaycanın Xarici İşlər Nazirliyi bu prosesin ən qısa müddət ərzində başa çatdırılacağı ilə bağlı bəyanat da verdi. Qeyd etmək lazımdır ki, son gərginliklər əsasən, gürcülərin “David Qareci”, Azərbaycan tərəfinin “Keşikçi dağ” adı verdiyi tarixi abidədə alban və xristian mədəniyyətinin qovuşması ilə və Pasxa bayramında həmin ibadət yerlərinə xristian zəvvarların ziyarəti vaxtı insanların sayının artması ilə bağlı yaranır. Bura sərhəd zonası olduğundan müəyyən qaydalar və prosedurlar tətbiq olunur, ona görə də narazılıqlar yaranır. Yəni bu problemin həlli mümkündür. Qeyd edildiyi kimi, sadəcə olaraq Gürcüstanın bir sıra müxalif qüvvələri bu məsələni siyasiləşdirməyə cəhd göstərirlər”.

İlgili resim

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva isə sorğumuza cavabında bunları bildirdi:“Qeyd etdiyimiz kimi, Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası beynəlxalq təcrübədə tətbiq edilən qaydalara uyğun olaraq, qarşılıqlı əlaqələndirmə prosedurları əsasında mövcud ikitərəfli formatlar çərçivəsində həll olunur. Azərbaycan həmişə Azərbaycan-Gürcüstan sərhədinin tezliklə delimitasiya olunmasının tərəfdarı olub. Azərbaycan bu prosesi ən qısa müddət ərzində başa çatdırmağa hazırdır. Məlum olduğu kimi, Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası məsələsi müvafiq Dövlət Komissiyaları səviyyəsində baxılır və bu günədək Dövlət Komissiyalarının 11 iclası keçirilib. Dövlət Komissiyalarının və İşçi Qrupunun uzunmüddətli tədqiqatları nəticəsində dövlət sərhədinin 314 km uzunluğunda hissəsi Dövlət komissiyaları səviyyəsində razılaşdırılıb. 166 km. uzunluğunda hissə isə ekspertlər tərəfindən araşdırılır. İstinad etdiyiniz xəritə məsələsinə gəldikdə isə, bu günədək aparılan danışıqlarda 1938-ci ilin 1:500 000 miqyaslı inzibati xəritəsi və digər kartoqrafik materiallar, o cümlədən Gürcüstan SSR Ali Soveti tərəfindən təsdiq olunan 1963-cü il 1:100 000 miqyaslı xəritəsi əsas götürülüb. İndiyədək bu xüsusda hər hansı problem olmayıb”.

Gürcüstan prezidenti Salome Zurabişvilinin payızda ABŞ-a baş tutması planlaşdırılan səfərinin ləğv olunması xəbəri də ajiotaja səbəb olub. Zurabişvili dünən “Amerikanın səsi”nə müsahibəsində ölkəsində ABŞ bazasının tikilməsinin səmərəsiz olduğunu bildirmişdi. O bunun provokasiya kimi qəbul edilə biləcəyini söyləmişdi. 

âKeÅikçi daÄâa ile ilgili görsel sonucu

Azərbaycan tarixinin bir hissəsi olan qədim alban kilsəsinə- “Keşikçi dağ”a iddia edən Zurabişvili indi də impiçment tələbi ilə üz-üzə qalıb. Gürcüstan parlamentinin binasında “Rusiya işğalçıdır” vətəndaş hərəkatının üzvləri Prezident Salome Zurabişviliyə qarşı impiçment tələbi ilə aksiya keçiriblər. “Report”un Gürcüstan bürosu xəbər verir ki, aksiya “Prezidentə qırmızı kart” şüarı altında baş tutub. İştirakçılar bildiriblər ki, S.Zurabişvilinin son bəyanatı ölkənin imicinə ciddi zərbə vurub. “Rusiya işğalçıdır” vətəndaş hərəkatı eyni tələb və şüarla mayın 4-də Tbilisidə prezidentin Atoneli küçəsində yerləşən iqamətgahının qarşısında da aksiya keçirəcəklər. Təşkilatçıların bildirdiyinə görə, S.Zurabişvilinin NATO bazaları ilə bağlı son bəyanatı dövlət əleyhinədir və Rusiyanın işğalçılıq siyasəti ilə üst-üstə düşür. Bəzi müşahidəçilər hesab edir ki, Azərbaycanın Avropa İttifaqı ilə saziş imzalaması ərəfəsində gürcü prezidentin Bakı ilə münasibətlərdə gərginlik yaratmağa cəhd göstərməsi də Rusiyanın maraqlarına xidmət edir. Bu, həm də xalqlar arasında soyuqluğa səbəb ola biləcək təxribatçı hərəkətdir. Azərbaycan ərazisində yaşayan etnik gürcülərin dövlət qayğısı ilə necə əhatə olunduğunu Zurabişvili ölkəmizə səfərində şəxsən müşahidə etmişdi.


Tarix: 3-05-2019, 00:27
Xəbəri paylaş





Xəbər lenti