Avropanın ziddiyyətli pulu: HARA GEDİR?


Avropanın ziddiyyətli pulu: HARA GEDİR?

Beynəlxalq maliyyə bazarlarında aparıcı valyutalar arasında avroya olan tələbin artması qızıl fyuçerslərinin də ucuzlaşmasına səbəb olur.

Beynəlxalq valyuta birjalarında dolların aparıcı valyutalara nisbətən qiymətləri son iki həftənin minimum səviyyələrində ticarət edilməkdədir və minimumları da aşağı istiqamətdə qırarsa, 1 faizə kimi də ucuzlaşa biləcəyi proqnozlaşdırılır.

Beləliklə, avroya olan tələb və EUR/USD məzənnəsinin 1.13 dollara kimi bahalaşa biləcəyi proqnozları da artıb.Avroya olan tələbin artması əlvan metallar bazarlarında qızılın da ucuzlaşmasına səbəb olur. Əlvan metallar bazarlarında hazırda 1292 dolların altında ticarət edilən qızılın bir unsiya üzrə qiyməti 1290 dollardan da aşağı istiqamətdə qırarsa, 1281 dollara kimi də ucuzlaşa bilər.

İqtisadçı-ekspert Elman Sadıqov “Cümhuriyət” qəzetinə bildirib ki, ABŞ tərəfindən dolların ucuzlaşma siyasəti aparılır:

“Dolların məzənnəsinin ucuzlaşma prosesinə son iki ildə aktiv şəkildə başlanılıb. Amma dünya iqtisadiyyatının zəif inkişafı investorların təhlükəsiz valyutalara meyl etməsinə səbəb olub ki, bunlardan biri dollardır.Yəni, ABŞ dolları nə qədər zəiflətməyə çalışsa da, bu sahədə addımlar atsa da, yenə də investorların dollara inamı qalmaqdadır.Uzun müddətdir ki, avronun kursu 1.13-1.23 dollar koridorunda qalıb.Hazırda avronun kursunun kəskin şəkildə qalxmasını görmürük.Ona görə də dolların məzənnəsində və qızıl fyuçerslərinin dəyərində kəskin eniş və artımlar müşahidə etmirik.Hazırda qızılın bir unsiyası 1280-1330 dollar ətrafında dəyişir.Demək olar ki, bu qiymətli metalın da dəyərində kəskin volunterliyin şahidi olmuruq.

“Goldman Sachs” şirkəti 2019-cu ilin sonuna avro üçün 1.20 kursunu müəyyən edib.Amma bir çox şirkətlər və analitiklər bu proqnoza inanmır.Hesab edirlər ki, avronun kursu 1.08, 1.09, 1.10 dollar civarında dəyişəcək.Göründüyü kimi, proqnozlar və yanaşmalar fərqlidir.Ehtimal olunur ki, bəzi dövlətlər ticarət müqavilələrini və eləcə də ödənişləri avro ilə aparmağa üstünlük verir.Bəzi dövlətlər tərəfindən isə avro ilə ticarətin aparılması istiqamətində səylər var. Amma ticarət dövriyyəsinin həcminə görə, bu dövlətlərin dünya səviyyəsində böyük payları yoxdur.Məsələn, İranın və ya Rusiyanın trilyonlarla dollar ticarəti, eləcə də maliyyə dövriyyəsinin dünya maliyyə bazarlarına təsirləri çox azdır.Bu səbəbdən də demək olmaz ki, avroya olan tələb artdığı üçün avronun məzənnəsi artıb.

Avroya tələbin artdığını və ya hər hansı bir kənarlaşmanın olduğunu o zaman demək olar ki, avro uzun müddət davam etdiyi koridordan çıxsın.Məsələn, hazırda avronun məzənnəsinin 1.16 və ya 1.17 dollar olduğunu görmüş olsaydıq, ciddi şəkildə düşünüb bunun səbəblərini axtarardıq.Dünyanın digər dönərli valyutası olan funt sterlinq haqqında da hər gün bir məlumat çıxır.Amma bu valyuta da vahid bir koridora girib.Yəni, burada da bir anormallıq və kənarlaşma yoxdur”.

Analitik uzunmüddətli perspektivdə avroya olan tələbatın artdığını düşünmədiyini də deyib:

“Səbəb odur ki, mayın 26-da Avropa Parlamentinə növbəti seçkilər keçiriləcək. Hazırkı təhlillər göstərir ki, milliyyətçi partiyaları burada üstünlük təşkil edə bilər.Bundan əlavə, Brexitlə bağlı qeyri-müəyyənliklər davam edir.Bu səbəbdən avronun kəskin bahalaşacağı ehtimalı azdır.Ümumiyyətlə, avronun bahalaşacağı Avropa İttifaqına sərf etmir, çünki ixracı aşağı düşər.Hazırda Avropada inflyasiya səviyyəsi 1.4 faizdir.İqtisadi aktivliyin artırılması üçün inflyasiyanın artırılmasını düşünürlər.Bütün bunların fonunda bizim bu gün bazarda gördüyümüz hərəkətliliyi normal aktivlik kimi qiymətləndirirəm.Hələlik bu sahədə bir ajiotaj yoxdur”.

Elman Sadıqov bir müddət öncə qızılın qiymətində kəskin artımların müşahidə olunduğunu da xatırladıb:

“Artıma səbəb ötən ilin sonunda Çin iqtisadiyyatının nisbətən zəif inkişaf etməsi idi. Amma hazırda Çin iqtisadiyyatından gələn müsbət rəqəmlər fonunda dünya iqtisadiyyatında yaxın 1-2 il ərzində ciddi böhran gözlənilmir. Sadəcə olaraq təlatümlər olduğunu investorlar yavaş-yavaş qəbul etdilər.Hazırda qızılın qiymətində kəskin dəyişikliklər yoxdur. Bəzən qızılın fyuçerslərində nəzərə çarpan artımlar ola bilər. Məsələn, Rusiya 2018-ci il ərzində öz ehtiyatlarında qızılın payını artırdı. Yəni, bazardan çox qızıl alırdı.Çünki neftin qiyməti kəskin düşəndə bütün ehtiyatları istifadə olunmuşdu. O cümlədən, ötən il bir çox neft istehsal edən ölkələr də qızıl aldı. Amma heç kim demədi ki, qızılın alışı artdığına görə, qiymətli metalın dəyərində artım var. Hazırda yaxın perspektivdə bazarlarda anormal kataklizmlər və yaxud da kənarlaşmalar görünmür”.

Azərbaycanda avroya tələbat necədir?

Analitik birmənalı olaraq Azərbaycanda avroya marağın olmadığını deyib: 

“Azərbaycanda yığımlar və əməliyyatların 90 faizdən çoxu dollarla aparılır. Dünya bazarlarında neft qiymətləri də dollarla müəyyənləşir.Azərbaycanlılar avronu daha çox Avropa ölkələrindən avtomobil idxal edərkən və yaxud bu ölkələrə turist kimi səfər etmək məqsədi ilə alırlar. Çox az sayda şirkət olar ki, banklardan avro alırlar. Müəyyən insanlar yığım vasitəsi kimi əllərində olan valyutanın 10 faizini avroya çevirib  saxlayırlar. Avropa İttifaqından mənfi siqnallar gəldiyi üçün insanların çoxu bu valyutada yığım etməyə ehtiyat edir.Bu səbəbdən Avropaya yaxın ölkələrlə müqayisədə Azərbaycanda avro çox da populyar deyil.Azərbaycanda yığım vasitəsi kimi, xarici valyuta əsasən dollardır.

Ümumiyyətlə, Azərbaycanda həm bankların depozitlərinin tərkibinə, həm əhalinin yığımlarına baxanda manata olan inamın ötən illə müqayisədə bərpa olunduğunu demək olar.Artıq bir çox insanlar öz dollar depozitlərini manata çevirərək banklarda yerləşdirirlər.Bəziləri də əmanətlərini yarı hissəsini dollarla, yarı hissəsini isə manatla banklara qoyurlar.Ümumən əhali iki valyutaya - manat və dollar arasında seçim edir, nəinki avro”./Cebhe.info/


Tarix: 16-04-2019, 23:49
Xəbəri paylaş





Xəbər lenti