Azərbaycanda “qırğın kimi” bələdiyyə seçkiləri-ekspertlər danışdı


Əli Əliyev: “Seçki prosesinə etimad bərpa olunmalıdır”; Rövşən Ağayev:“Azərbaycanda təcili yerli özünüidarə islahatları başladılmalıdır”

Martın 31-də Türkiyədə keçirilən bələdiyyə seçkilərini Azərbaycan vətəndaşları da yaxından və həyəcanla izlədilər. Qonşu ölkədə hər dəfə çox böyük coşqunluq və siyasi aktivliklə müşayiət olunan bələdiyyə seçkiləri, təəssüf ki, Azərbaycanda eyni səviyyədə reallaşmır. Bu gün ölkə əhalisinin ən aktiv kəsimində belə bələdiyyə seçkilərinə hansısa ciddi maraq müşahidə olunmur.

Qeyd edək ki, bu il ölkəmizdə də bələdiyyə seçkiləri ilidir. Dekabrda baş tutacaq seçkilərə dövlət büdcəsindən 53 milyon manat vəsait sərf olunması nəzərdə tutulur. Azərbaycanda da bələdiyyə seçkilərinə maraq yaratmaq, bu prosesdə vətəndaşların aktiv formada iştirakına nail olmaq üçün hansı addımlar atılmalıdır?

Sualı cavablandıran  Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin “Yeni Müsavat”a dediyinə görə, bələdiyyə seçkilərinə maraq oyatmaq üçün Azərbaycanda ilk növbədə bələdiyyələrin statusu artırılmalıdır: “Bunun üçün yerli icra hakimiyyətləri ilə bələdiyyə orqanları arasında səlahiyyət bölgüsü dəqiq aparılmalı, yerli idarəetmədə bələdiyyələrin rolu artırılmalıdır. Yəni yerlərdə idarəetmədə daha çox səlahiyyət bələdiyyələrdə olmalıdır. Bundan əlavə, böyük şəhər bələdiyyələri formalaşdırılmalıdır - Bakıda, Gəncədə, Sumqayıtda və digər şəhərlərdə. Həmin şəhərlərin idarə olunması tamamən verilməlidir bələdiyyələrə”.

Æli Æliyev ile ilgili görsel sonucu

Partiya sədri seçkilərdə aktivlik yaratmaq üçün ikinci amil kimi ümumilikdə ölkədə seçki prosesinə etimadın formalaşdırılmasını görür: “Bu etimad olmadan hansısa seçki aktivliyindən danışmaq mümkün deyil. Etimad yaratmaq üçün seçki komissiyalarının tərkibi tamamilə yenidən formalaşdırılmalı, saxtakarlığa yol vermiş bütün şəxslər komissiyalardan uzaqlaşdırılmalıdır. Komissiyaların tərkibində müxalifət nümayəndələri iqtidar təmsilçiləri ilə bərabər səviyyədə təmsil olunmalıdır. Eyni zamanda seçki qanunvericiliyinə saxtalaşdırma imkanlarını aradan qaldıran dəyişikliklər edilməlidir. Yalnız bundan sonra seçki prosesinə etimadı bərpa etmək mümkündür”

RövÅÉn AÄayev ile ilgili görsel sonucu

İqtisadçı-ekspert Rövşən Ağayev isə hesab edir ki, təcili olaraq Azərbaycanda yerli özünüidarə islahatları başladılmalıdır: “Bu islahatların ana xəttini 3 fundamental xətt təşkil etməlidir:

1) Yerli səviyyədə əsas rəsmi idarəetmə qurumları bələdiyyələr olmalı, yerli sosial-iqtisadi problemlərin həlli ilə bağlı əsas səlahiyyətlər xalqın seçəcəyi bu institutun səlahiyyət dairəsinə keçməlidir. Eyni zamanda yerli seçkili şəxslərə parlament üzvlərinə oxşar səviyyə status tanınmalıdır;

2) Bu instituta səlahiyyətlərinə uyğun maliyyə mənbələri təqdim edilməli və maliyyə muxtariyyəti tanınmalıdır;

3) Yerlərdə bütün siyasi qüvvələrin və müstəqil namizədlərin iştirakı ilə azad və ədalətli seçkilərin keçirilməsi üçün hüquqi mühit yaradılmadır".

Ekspert bildirir ki, yerli özünüidarə idarə olunan cəmiyyətdən özünü idarə edən azad cəmiyyətə keçid üçün təməl şərtdir: “Fransız sosioloqu Tokvil deyirdi ki, millət bəlkə də bələdiyyəsiz effektiv idarəetmə yarada bilər, amma bələdiyyəsiz heç bir millətin azad ruhu ola bilməz. Yerli özünüidarə lokal problemləri yaşadığınız ərazinin sərhədlərindən mərkəzə daşımadan, aylarla və bəzən illərlə ən vacib ehtiyaclarınızın həlli üçün mərkəzdə oturan məmurun imzasını gözləmədən öz qərarınız və maliyyənizlə operativ həll etməyin alternativsiz mexanizmidir. Yerli özünüidarə olmayanda ən xırda lokal problemlər belə qloballaşır, ölkə miqyaslı problemə çevrilir, hətta ucqar kənddə belə yolun çəkilməsi üçün ölkə prezidentinin müdaxiləsini tələb edir. Dövlətin strateji qərarlarına məsul ali ranqlı şəxsin - 3500-4000 kəndin, 75-80 şəhərin lokal sosial-iqtisadi problemlərlə yorulmasına ehtiyac yoxdu”.

R.Ağayevin sözlərinə görə, yerli özünüidarə təkcə ölkənin sosial-iqtisadi problemlərinin həlli üçün vacib institut deyil:“Bu təsisatlarda həmçinin ölkənin nəhəng kadr bankı formalaşır - hansı ki, onların bir çoxu sonradan ölkənin taleyini həll edən insanlara çevrilir (məsələn, Ərdoğan). Yerli özünüidarə olmayanda böyük bir insan potensialı itirilmiş olur.

Bu təsisat çoxpartiyalı sistemə və son nəticədə cəmiyyətdə iştirakçılıq vasitəsilə demokratiya və plüralizmə də təminat verir. Dünyaya bir anlıq göz atın, hazırda iqtisadi inkişafı demokratiyanın ikisini eyni anda bir araya gətirən elə bir ölkə yoxdur ki, buna yerli özünüidarəsiz nail olmuş olsun".


Tarix: 3-04-2019, 09:34
Xəbəri paylaş





Xəbər lenti