Doğrusu, bu ölkədən - Səudiyyədən heç yazmaq istəməzdim, çünki bunun nə iç siyasətində bir sahman var, nə də dış siyasətində öyünüləsi və təqdir olunası bir məqam. Qanun-qaydası ilə hələ də orta əsrlərin idarəçiliyini xatırladan adi teokratik monarxiyadır.
Amma bu yaxınlardaca bir detal diqqətimiz çəkdi, əvvəlcə bir xeyli güldük və axırda da qərara gəldik ki, bu haqda bir-iki para söz yazmaq heç də pis olmazdı.Qərəz, oxuduq ki, Səudiyyə şahzadələri sarayda etiraz aksiyası keçirməyə cəhd ediblər. Birincisi, onların sayı mənə çox göründü - düz 11 nəfər! Adətən krallar, şahlar özlərindən sonra az varis qoymağa cəhd edirdilər ki, vəliəhdlər hakimiyyət üstündə biri-birlərini qırmasınlar.
Amma dərhal da ağlıma gəldi ki, şərq despotları qərblilərdən həmişə daha bir məsələdə də fərqləniblər - bunların arvad-uşağı daha çox olub...
Nə isə, sözüm bunda da deyil. Özünüz də razılaşarsınız ki, bu Səudiyyədə hansısa demokratiyadan, dinc etiraz aksiyasından-filandan danışmaq belə cəfəng cəhddir. Amma budur, burada da şahzadələr etiraz edir, özü də 11 nəfərlik tərkiblə! Hələ sabah bir də gördün ki, həmin bu 11 nəfər durub lap “partiya” da yaradıbdır...
Elə mənim də məramım “partiya” məsələsinə aiddir. Bilirsiniz, leqal siyasi partiyalar haradasa, 200-250 il öncə yaranmağa başlayıb. O vaxta qədər dünyada siyasət olmayıbmı? O vaxtadək dünyada hakimiyyət və hakimiyyət uğrunda çəkişmələr, özü də qanlı çəkişmələr olmayıbdırmı?
Elə məsələ də bundadır ki, olubdur. Çəkişmələr də olub, sui-qəsdlər də, hətta açıq müharibələr də...
Əslində ilk leqal siyasi partiyaların yaranması siyasət deyilən fenomeni bir məcraya yönəltmək, ona nəzarət oluna bilinən məzmun vermək cəhdi idi. Bir daha deyirik ki, buna qədər də min illər ərzində siyasi qruplar və siyasi davalar olub...
Bilirəm, deyəcəksiz, bu adam bizə bunları niyə danışır? Məgər bunu bilmirikmi, yaxud “Firon” və ya “Spartak” romanını da oxumamışıqmı?
Yox, təbii ki, bilirsiniz, hətta ola bilsin, aralarınızda elələri var ki, bəlkə məndən də yaxşı bilir bütün bunları...
Sözüm bunda da deyil. Ondadır ki, 21-ci əsrdə avtoritar rejimlərin liderləri belə zənn edirlər ki, əgər leqal partiyaları yasaq ediblərsə və yaxud da qol-budaqlarını budayıblarsa, deməli özlərini siyasət deyilən fenomenin fitnə-fəsadlarından sığorta ediblər. Amma həqiqətdə belə olurmu? Partiyaların fəaliyyətini məhdudlaşdırmaq siyasətə son verirmi?
Elə məsələ də bundadır ki, qəti vermir. Bunları yazmaqdan barmaqlarımız, deməkdən də dilimiz qabar olub, amma eşidən yoxdur. Bəli, bir daha deyirik ki, leqal siyasi partiyalar məhdudlaşdırılandan sonra hakimiyyət çəkişmələri saray dəhlizlərinə və ya gizli məkanlara köçür, amma heç vaxt kəsilmir, dayanmır...
11 şahzadənin etirazından da buna görə yazdıq... Bəlkə bizim də bir az gülməli formada hallandırdığımız bu 11 nəfərlik “etiraz” çox kiçik ştrixdir, Allah bilir, əslində Səudiyyədə hansı çəkişmələr, vəliəhd olmaq uğrunda hansı vuruşmalar gedir!
Ona görə də salamatı yenə də leqal siyasi partiyalara meydan verməkdir. Birincisi, onlar əsl demokratiyanın göstəricisi və hətta onun əsas mühərriklərindən biri hesab olunur, çünki hörmətli Karl Popper müəllim demiş, demokratiyanı siyasi partiyalarsız təsəvvür etmək mümkün deyil.
İkincisi, leqal siyasi partiyalar olmayanda və yaxud məhdud şəkildə olanda siyasət də latent forma alır və latent qrupların fəaliyyətinə çevrilir. Hətta sarayda hər şey qaydasında olanda belə bir də görürsən ki, siyasət meydanını cürbəcür “qara element”lər, radikallar, daha nə bilim, kimlər tutubdur.
Məsələ indi Şərq ölkələri üçün aktualdır. Qərbdə, dedik ki, siyasi partiyaların tarixi yüz illəri aşıbdır, orada yüz illərin parlament təcrübəsi var. Amma şərq bir az qəliz məsələdir. Ona görə də ciddi saray çəkişməsi və siyasi qara güruh daha çox şərq ölkələri üçün xarakterikdir.
Bununla bağlı bir dəfə amerikalı politoloq Fərid Zəkəriyyənin fikrini oxumuşduq. O müsəlman şərqində dini radikalların meydana çıxmasını çox sadə izah edir: şərq despotları bütün ictimai-siyasi institutları yasaq edir, təkcə məscidlərə toxunmağa cəsarət etmirlər. Ona görə də müxalif ovqat və fikir də gec-tez məscidlərdə formalaşmağa başlayır.
Bu səbəbdən də 11 səudiyyəli şahzadənin “etirazı” çox düşünüləsi məsələdir, - bəli, əzizlərim, partiyalar oldu-olmadı, siyasət öz işindədir...
Hüseynbala Səlimov
Tarix: 11-01-2018, 08:32