Koronavirus pandemiyası populizmin dağılmasına səbəb oldu... - ARAŞDIRMA

Koronavirus pandemiyası populizmin dağılmasına səbəb oldu... - ARAŞDIRMA
Koronavirus pandemiyası populist siyasətçilərə inamın kəskin azalmasına səbəb olub.
 
Moderator.az bu barədə “The Times” nəşrinin Kembric Universitetinin alimlərinin araşdırmaları əsasında dərc etdiyi məqaləyə istinadən xəbər verir. Nəşr qeyd edir ki, alimlər bu tendensiyanın səbəbini pandemiya zamanı bir çox vətəndaşların populistlərin siyasətini bəyənməməsində görürlər. Bundan əlavə, pandemiya cəmiyyətlərə birləşdirici təsir göstərdi, çünki populizm daha çox parçalanmış birliklərdə tələb olunur.
 
“The Times” Kembric Universitetinin apardığı araşdırmaya istinadən yazır ki, bütün dünyada populizmə dəstək kəskin şəkildə azalıb. Nəşrin məlumatına görə, tədqiqatda 109 ölkədən 750 min insan iştirak edib. Nəticədə məlum olub ki, pandemiya başlayandan sonra cəmiyyətdə texnokratlara və alimlərə inam xeyli artıb, populistlərə isə inam azalıb.
 
Tədqiqat müəlliflərinin fikrincə, bu tendensiyanın mümkün səbəbi bir çox insanın tanınmış populistlərin koronavirus pandemiyası ilə bağlı siyasətini uğursuz hesab etməsidir (xüsusən də söhbət Donald Tramp və Jair Bolsonarudan gedir). Bundan əlavə, elm adamları pandemiyanın “birləşdirici hadisəyə” çevrildiyini, populizmin isə bir qayda olaraq, bölünmüş cəmiyyətlərdə üstünlük təşkil etdiyini irəli sürür.
 
“The Times” yazır ki, araşdırmada populist partiyalara səs vermək istəyən avropalıların sayının 11% azaldığı qeyd edilib. Alimlər qeyd edirlər ki, Donald Tramp və Andrey Babiş kimi bəzi populistlər artıq hakimiyyətlərini itiriblər, digərləri isə (məsələn, Bolsonaru) o qədər populyarlıqdan düşüblər ki, onların da tezliklə hakimiyyətdən uzaqlaşdırılacağı  ehtimalı var. Qəzet araşdırmanın nəticələrinə istinadən yazır ki, hətta Viktor Orban və Rəcəb Tayyib Ərdoğan kimi güclərini möhkəmləndirmiş liderlərin mövqeyi də nəzərəçarpacaq dərəcədə sarsılıb.
 
“Ərdoğan və Bolsonarudan tutmuş Şərqi Avropanın “güclü liderlərinə” qədər dünyada populizm dalğası yaşanıb. Lakin koronavirus bu dalğanın azalmasına səbəb olub”, - deyə nəşr tədqiqat müəlliflərindən biri olan doktor Robert Foanın sözlərindən sitat gətirib.
Tarix: 21-01-2022, 14:35
Xəbəri paylaş





Xəbər lenti