Son vaxtlarda, təhsil gündəmini aşaraq, ciddi təsir yaradan sertifikasiya və təhsilverənlərin durumunu müzakirə etmək labüddür. Belə ki, xüsusən də iyunun 24-də keçirilən tarix fənni üzrə sertifikasiyada ortaya çıxan problemlər, olduqca ilgincdir və çox önəmli göstəricilərdən biridir. Lakin, təəssüflə deməliyik ki, ortada olan ya da reklam edilən müzakirəçilər, niyəsə əsas mətləbdən, müzakirənin mərkəzindən yayınırlar. Onlar, konkret olaraq, imtahanın yanlış nüanslarını, problemli sualların məqsədini görməzdən gəlirlər. Halbuki ortada ƏDALƏTSİZLİYİN VƏ QARANLIQ MƏQAMLARIN olduğu aşikardır! Və bütün bunların fonunda, nazir E. Əmrullayev zaman-zaman özü diliylə, olduqca kritik və mühüm "şifrələr" verir və dolayı yolla, müəllimlərin taleyinin konturlarını açıqlayır. Sadəcə olaraq, bu şifrələri ciddiyə almaq və açıqlamaq lazımdır. Bu şifrələri, "Təhsil Araşdırmalar Mərkəzi" olaraq, çözməyə və anlamağa çalışmışıq. Belə ki, problemlə bağlı fikirlərini bölüşən “Təhsil Araşdırmaları Mərkəzi”nin eksperti Emin Mirzəli əvvəlcə qeyd etdi ki, nazirlik artıq neçənci dəfədir ki, normal imtahan keçirə bilmir və müəllimlərin haqqı pozulur: “Bu ilki tarix və texnologiya fənni üzrə yaşanılan biabırçılıq, əslində, gözlənilməz deyildi. Keçən il kimya müəllimlərinin “soyqırımı”ndan sonra hər il ən azı 1 fənn üzrə “qırğın”ların olacağı bəlli idi. Sadə misal: necə ola bilər ki, 50+ bal toplayanların faizi, bir fəndən 50 civarında olsun, digər fəndən isə cəmi 14 faiz?… 4 dəfəyə yaxın fərq onu göstərir ki, ədalətsizlik baş verib!” deyə o vurğulayıb. “Bəs, ədalətsiz imtahan ləğv oluna bilərmi, sizcə, tarix imtahanı yenidən keçiriləcəkmi?” sualına cavabda Emin bəy dedi ki, daha öncəki illərdə nazirlik MİQ imtahanını etirazlardan sonra ləğv edib, yenidən keçirməli olmuşdu: “Lakin, keçən il kimya müəllimlərinin mütəşəkkil, ardıcıl bir etirazı olmadığı üçün nazirlik, necə deyərlər, problemin üstünü örtə bildi. Həmçinin, hazırda da tarix müəlllimləri güclü, vahid bir mövqe ortaya qoymayıblar. Ona görə də zəif mövqeli müəllimlər səbəb olur ki, bu işin də üstü bağlansın… Odur ki, ədalətin bərpa olunacağını qətiyyən gözləmirəm…
Gələn İmtahanlarda Vəziyyət Daha Pis Olacaq
Ümumiyyətlə, Əmrullayevin iş prinsipi budur ki, əgər ciddi etiraz yoxdursa, deməli, hər şeyi etmək olar… Odur ki, gələn illər üçün daha böyük ədalətsizliklərin olmasını qaçılmaz hesab edirəm. Xüsusən də sayları çox olan ibtidai sinif, hətta riyaziyyat müəllimlərinə də sıranın mütləq gələcəyini düşünürəm… O qədər əminəm ki, bu, baş verməsə, ekspertlikdən, hətta, istefa verərəm!” Burda ortaya sual çıxır: Bəs məqsəd nədir? Nazirlik nə etmək istəyir?