Bankların siyasəti əhalidə ciddi narazılıq yaradır. Problemli kreditlərin sürətlə artması, əmanətlərin qaytarılmaması və digər məsələlərdə banklar bütün hallarda özlərinin xeyrinə addım atır. Məhkəmə işlərində isə demək olar ki, bütövlükdə banklar qalib tərəf olur. Kollektor şirkətlərin isə bankların problemli kreditlərinə görə vətəndaşlarla “reket” dili ilə danışması cəmiyyətin ümumi narazılığına səbəb olur. Vətəndaş isə əziyyət çəkir, problemdən problemə düşür. Bugünlərdə 2019-cu ilin büdcə müzakirələri zamanı deputat Musa Qasımlı da bu məsələyə toxunaraq ciddi xəbərdarlıq siqnalı verib.
Belə ki, M.Qasımlı bankların faaliyyətinin həm də hökumətə qarşı çevrildiyini deyib:
“Azərbaycanda mövcud olan banklar dövlətin qanunu ilə yaranıb və fəaliyyət göstərir. Hər kəs bilir ki, banklar vətəndaşlarla dövlət arasında uçurum, sosial gərginlik yaradan və siyasi hakimiyyəti təhdid edən ünsür halına gəlib. Bu sahədə qəti tədbirlər görülməlidir. Bir çox özəl bankların özbaşınalıq etmələrinə şərait yaratmaq olmaz. Bunun çox ağır nəticələri ola bilər”.
Maraqlıdır, bankların bu hərəkətlərinə, xüsusilə borcluları sıxmaq siyasətinə qarşı nə zaman dayan deyiləcək?
İqtisadçı-ekspert Natiq Cəfərli “Cümhuriyət” qəzetinə şərhində məsələyə fərqli yanaşıb. N.Cəfərli hesab edir ki, banklardakı problemlərin həlli üçün dövlət dəstəyinə ehtiyac var:
“Əslində bank sektoru ölkənin iqtisadi mənzərəsini özündə əks etdirən güzgüdür. Yəni, iqtisadi institutlar normal işləməlidir ki, bank sistemi də normal olsun. Çünki bank sistemində baş verən özbaşınalıq, problemlər, əhalinin narazılığı nəticədir. Səbəblər isə ondan ibarətdir ki, Mərkəzi Bankın bank sistemi dəstəyi və nəzarəti ürəkaçan səviyyədə deyil. Bankların ucuz kredit verməsi üçün Mərkəzi Bank ucuz kreditlərə çıxış imkanı yaratmalıdır. Manatın uçot dərəcəsi aşağı salınmalıdır ki, banklara daha ucuz kredit vermək üçün imkanlar açılsın. İki devalvasiyadan sonra hökumətin və Mərkəzi Bankın qərarlarından sonra yükün böyük hissəsi vətəndaşlarla bərabər, həm də bankların üzərinə düşdü. Bankların xarici borcları bahalaşdı və çox ağır duruma düşdüklərinin şahidi olduq. 10-a yaxın bank bağlandı, amma sonradan dövlətin bu sahəyə heç bir dəstəyi olmadı. Təbii ki, bankların özünün idarə olunmasında da problemlər var. Amma onlar nəticədir, səbəblər isə ölkədə rəqabətli mühitin olmamasıdır. Mərkəzi Bankın bank sistemində normal təsiredici funksiyalarını yerinə yetirməməsidir. Bunların hamısı bank sistemində yaranan problemlərin şişməsinə səbəb olur. Problemli kreditlərin, vətəndaşların incidilməsi faktlarının, məhkəmələrə müraciətlərin sayı artır. Bu problemlər kökündən həll olunmalıdır. Dövlət dəstəyi olmasa isə bu problemlərin həlli mümkün deyil. Banklar öz resursları hesabına bu problemləri həll etmək durumunda deyil. Dövlət Azərbaycan Beynəlxalq Bankı ilə bağlı operativ qərar qəbul etdi və 10 milyard daxili borcunu sildi, 3.2 milyard dollar xarici borcunu isə öz üzərinə götürdü. Amma problemli kreditlərlə bağlı vətəndaşların problemini həll etmədi. Bu da bankların sağlamlaşdırılması prosesində ciddi əngəllərin biridir. Bank sisteminin yenidən dizayn olunmasına, yeni qaydaların tətbiq edilməsinə, Mərkəzi Bankın bu sahədə daha ciddi rol almasına, rəqabətli mühitin olmasına ehtiyac var. Xarici bankların birbaşa bazara çıxış imkanları araşdırılmalı və buna şərait yaradılmalıdır. Bu da ona gətirib çıxaracaq ki, rəqabətli mühit yaranacaq, faiz dərəcələri aşağı düşəcək, kreditləşmə sürətlənəcək və iqtisadiyyatın çarxları dönməyə başlayacaq”.
Natiq Cəfərlinin sözlərinə görə, bankların əhalidə yaratdığı narazılıq ciddi problemdir:
“Çünki ölkədə bank sistemi ilə bağlı ciddi narazılıqlar var. Təqribən 700 minə yaxın insanın problemli kredit borcu yaranıb. Banklar da məhkəmələrə müraciət etməklə, müxtəlif üsullarla həmin borcları geri qaytarmağa çalışır. Məhkəmə qərarları hər zaman vətəndaşın əleyhinə olur. Bununla da vətəndaşların banklarla bağlı narazılıqları gərginlik yaradır”.
Cebhe.info