İqtisadi və Sosial İnnovasiyalar İnstitututnun rəhbəri, Milli Məclisin İqtisadi siyasət, sənayə və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli gündəmin aktual iqtisadi mövzuları ətrafında Moderator.az-ın suallarını cavablandırıb:
- Ölkənin bank sektorndakı böhranlı situasiyadan çıxış yolunun aranması məqsədilə seçkilərdən sonra bank sektoruna cavabdeh olan səlahiyyət sahibləri və kommersiya banklarının rəhbərlərinin iştirakı ilə qapalı toplantı keçirilməsi təklifiniz nə yerdə qaldı?
- Məlum olduğu kimi, 2015-ci ilin 21 fevral və 21 dekabrında baş vermiş iki devalvasiya nəticəsində manatın ABŞ dollarına nisbətən məzənnəsi 2 dəfədən çox aşağı düşmüşdür. Həmin devalvasiyalar şok xarakterli olduğundan, iqtisadiyyatımızın real, maliyyə və sosial sferalarında bir sıra ciddi problemlər doğurub. Bu isə ilk növbədə dollarla kredit götürmüş şəxslərin vəziyyətlərini xeyli ağırlaşdırıb. Borc tələsinə düşmüş yüz minlərlə vətəndaşımız boyük maliyyə itkilərinə məruz qalmaqla yanaşı, həm də həbs və hər şeyini itirmək təhlükəsi ilə üz-üzə qoyulub. Əhali ilə yanaşı, bankların da xeyli hissəsi ağır duruma düşüb.
Bank öhdəliliyi olan biznes strukturlarını nəzərə almaqla, Azərbaycan əhalisinin hər 4 nəfərindən birinin banklara borcu var. Bəzi banklar müxtəlif manupulyasiyalarla vətəndaşlardan verdikləri kredit məbləğindən 2-3 dəfə artıq vəsait tələb edirlər. Əhalinin əksəriyyəti bu cür şişirdilmiş məbləğləri qaytarmaq imkanında deyil. Ona görə də son vaxtlar problemli kreditlər sürətlə artıb və təhlükəli həddə çatıb. Banklar kreditləri geri almaqdan ötrü məhkəmə üsulundan istifadə edir. Rəsmi açıqlamalara görə, Azərbaycan məhkəmələrdə olan işlərin 40 faizi bank-müştəri münasibətləri ilə bağlıdır. Son illər müəyyən vaxt kəsiklərində bu rəqəm 80 faizi belə belə ötüb. Amma hazırda tətbiq olunan məhkəmə üsulu birtərəfli şəkildə bank elitasının maraqlarını güdür və yarımçıq xarakter daşıyır deyə, bu, problemli kreditlərin optimal həll yolu deyil. Azərbaycanın bank sisteminin əsas problemlərinin həlli üçün bankların maraqlarını birtərəfli şəkildə ifadə edən, fraqment xarakterli yox, problemin ciddiliyinə və miqyaslarına adekvat cavab islahatlarına ehtiyac var. Bunu nəzərə alaraq deputat həmkarım Vahid Əhmədovla birlikdə biz, bu sahənin tanınmış mütəxəssislərinin də fikirlərini almaqla maliyyə sağlamlaşdırılmasına dair “Təkliflər Paketi” hazırlayıb aidiyytaı qurumlara göndərdik. Həmin “Təkliflər Paketi”ndə maliyyə-bank sistemindəki mövcud vəziyyət, arzu olunan vəziyyət, nail olma yolları, hüquqi və maliyyə təminatı, eləcə də təşkilatı tədbirlər öz əksini tapıb. Çox təəssüf ki, təkliflərimizə baxan olmadı. Buna baxmayaraq Vahid müəllimlə birlikdə bu sahədəki fəaliyyətimizi intensivləşdirdik və ölkənin bank sektorunda yaranmış vəziyyətdən çıxış yollarının axtarılması və işlək bir mexanizmin yaradılması məqsədilə bank sektoruna cavabdeh olan səlahiyyət sahibləri və kommersiya banklarının rəhbərlərinin iştirakı ilə toplantı keçirilməsi təklifi ilə çıxış etdik. Aidiyyatı orqanlara təqdim etdiyimiz bank sisteminin sağlamlaşdırılması və “manatın devalvasiyası zamanı xarici valyutada olan borcların artmasının yaratdığı sosial problemlərin yumşaldılması sahəsində zəruri olan tədbirlər”in seçkilərdən sonra müzakirəsi problemin tam həlli olmasa da, hər halda onun “ölü nöqtədən” tərpədilməsi üçün çox vacibdir. Güman edirik ki, bu sahədə irəliləyiş olacaq.
- Hazırladığınız “Təkliflər Paketi” əhatəlidir və onun bütün tərəflərini burda açmağa ehtiyac yox, amma əhalini daha çox maraqlandıran xarici valyutada olan kreditlər probleminin çözülməsi ilə bağlı təkliflər hissəsinin məğzini oxucularımıza bir daha təqdim etməyiniz yerinə düşər...
- Hazırda xarici valyutada olan kreditlərlə bağlı problemin bütün ağırlığı əhalinin və börca düşən biznes strukturlarının üzərindədədir. Bunu problemin həll yolu hesab etmək olmaz. Belə hal “əhali-bank-biznes strukturları” zəncirininin bütün həlqələrində iflic vəziyyəti yaradır. Bəzi hökumət strukturları hesab edir ki, bu məsələ banklarla əhali arasında yaranan problemdi. Banklar üzun müddət yüksək faiz tətbiq edib, əlavə olaraq bundan yaxşı pul qazanıb, ona görə də əhalinin dollar kreditləri ilə bağlı problemini öz hesablarına qarşılamalıdırlar. Banklar da gözləyir ki, dollarla kredit sahəsində yaranmış problemin maliyyə tərəfini dövlət örtəcək. Bizsə hesab edirik ki, bu yanaşmaların hər ikisində həqiqət payı olsa da, amma eyni zamanda həm də hər ikisi yarımçıq xarakter daşıyır. Fikrimizcə, bu beynəlxalq praktikaya uyğun yanaşma deyil.
Azərbaycanın maliyyə bazarının hazırkı reallıqları şəraitində xarici valyutada olan problemli kreditlər məsələsinin optimal həlli güzəşt mexanizminin tətbiq edilməsindən keçir. Amma onu da qeyd edək ki, deputat həmkarım Vahid Əhmədovla birlikdə biz xarici valyutada olan kreditlər probleminin çözülməsinə dair hökumətə göndərdiyimiz “Təkliflət Paketi”ndəkilər bank sahiblərinin və inzibatçılarının yaxınlarına verdikləri qanunsuz kreditlərə aid deyil. Borclunun konkret vəziyyətindən asılı olaraq kredit şərtlərinin yüngülləşdirilməsi, faiz dərəcəsinin endirilməsi, cərimələrin və sairin silinməsi, xarici valyutada olan borcun güzəştli məzənnə ilə manata çevrilməsi, borcun bir hissəsinin bağışlanması və s. variantlardan istifadə etmək olar. Məsələn, təklif etmişik ki, devalvasiyaya qədər borcunu rahatca ödəyən, amma devalvasiya nəticəsində borcunu əvvəlki qaydada ödəyə bilməyən şəxslərə güzəştlər tətbiq edilsin. “Məsələn, 5 min, imkan varsa 10 min dollara qədər olan kreditlər 1,05 manat kursu ilə qaytarılsın. Daha iri məbləğli borclar üçün isə 1,2-1,3 manat kursu götürmək olar. Təklif etdiyimiz sxem üzrə borcların 1,05 manat nisbətində ödənilməsi üçün zəruri olan 250 milyon dolların maliyyə yükünün bir hissəsini əhali, bir hissəsini banklar, digər hissəsinin yükünü isə dövlət çəkməlidir. Çünki dövlət dəstyi olmadan bu problemin etibarlı həlli mümkünsüzdü.
Aparılan sorğular göstərirdi ki, bu variant kredit borcu olan insanları təmin edir və xeyli hissəsi borclarını örtə bilərlər. Bu halda sözügedən kateqoriyaya aid vətəndaşlar əlverişli şərtlər daxilində qalan borclarını ödəyə biləcək, banklar və vətəndaşlar üzücü məhkəmə proseslərindən canlarını qurtara biləcəklər. Amma problemin həlli uzadıldıqca, insanların bu variantlarla da borcunu ödəmək imkanları tükənir. Eyni zamanda araşdırma aparılaraq borcunu ödəmək iqtidarında olmayan şəxslərin borcları müflisləşmə mexanizminin tətbiqi əsasında silinməlidir. Burda kredit borclarını ödəmək imkanı olub, yayınanlardan və vəziyyətdən sui istifadə edənlərdən getmir. Məhkəmələrin ədalətli qərar verməsindən ötrü ya müflisləşmə haqqında qanunda fiziki şəxslərin müflisləşməsinə dair mükəmməl məqamlar əlavə edilməli, ya da dollarla olan kreditlərin restrukturizasiyası haqqında yeni qanun qəbul edilməlidir. Borcunu heç ödəyə bilməyən şəxslərə həmin mexanizm tətbiq edilməlidir. Bu əsasda şəhid ailələrı, kimsəsizlər, aşağı pensiya alan pensiyaçılar, tənha analar, krediti qaytarmaq üçün bütün imkanları tükənmiş yoxsul insanların aldıqları kreditlər məhkəmə yolu ilə müflisləşmə mexanizmi vasitəsilə bağışlansın. Bu məsələdə ən mübahisəli məqam maliyyə mənbəyi ilə bağlıdır. Ona görə də təklif etmişik ki, dollarla olan kredit probleminin ağırlığı dövlət, Mərkəzi Bank, kommersiya bankları və əhali arasında dörd yerə bölünsün ki, heç bir tərəfə ağırlıq düşməsin. Əvəzində dövlətin banklara birbaşa və dolayısı ilə dəstək verməsi, bu əsasda bankların fəaliyyətinin normallaşdırılması istiqamətində zəruri işlər aparılsın. Ölkə üçün perspektivli biznes layihələri həyat keçirən, amma manatın devalvasiyası nəticəsində maliyyə çatışmazlığı ilə üzləşən iş adamlarına öz yarımçıq işlərini tamamlayıb fəaliyyətə başlamaqdan ötrü müvafiq maliyyə dəstəyin göstərilməsi də məqsədəuyğun olardı… Biz bu yöndə təkliflər hazirlayarkən 5 min dollara qədər olan kreditlərlə bağlı problemi 1dollar - 1,05 manat nisbəti ilə çözməkdən ötrü cəmi 250 milyon dollar vəsait lazım idi ki, bizim risklərin bölüşdürülməsi ilə bağlı irəli sürdüyümüz prinsipi tətbiq etdikdə dövlətə cəmi 63-83 milyon dollar səviyyəsində,yəni hökumət üçün simvolik bir maliyyə yükü düşürdü. Təəssüf ki, iki il əvvəl buna gedilmədi.
- Deputat həmkarınız Siyavuş Novruzov da anoloji təkliflə çıxış etmişdi və MBNP rəhbərliyini sərt şəkildə qınamışdı. Siz bu təklifi yenidən səsləndirmək və ya hansısa formada parlament rəhbərliyinin diqqətinə çatdırmaq üçün YAP icra katibinin müavininin də arqumenti ilə silahlana bilərsiniz...
- Bəli... Əvvəllər Milli Məclisdə xarici valyutada olan kreditlər probleminin çözülməsi məsələsini daha çox biz qaldırırdıq. Son vaxtlar vəziyyt müsbətə doğru bir qədər dəyişib. Kifayət qədər yüksək səviyyələrdən müsbət reaksiyalar var. Məsələn, qabaqlar təkliflərə elə bir reaksiya olmasa da, son vaxtlar Milli Məclisin sədri və Mərkəzi Bankın sədri səviyyələrində ümidverici açıqlamalar var. Bir müddət öncə Milli Məclisin iclasında parlamentin spikeri bildirdi ki, problemli kreditlərlə bağlı məsələ diqqət mərkəzindədir və bu istiqamətdə iş aparılır. Mərkəzi Bankın sədri də bu yaxınlarda buna bənzər ümidverici bir məlumat verib ki, problemli kreditlər məsələsinə baxıla bilər. Əgər Milli Məclisin sədri və Mərkəzi Bankın sədri səviyyəsində belə bir fikir bildirilibsə, deməli, problemli kreditlərlə bağlı əhalinin çoxdan gözlədiyi addımların atılması mümkündür. Bu məsələnin həllinə yönəlik addımları hamı Maliyyə Bazarlarına Nəzarət Palatasından gözləyir. Xüsusi qeyd edək ki, hələ də Maliyyə Bazarlarına Nəzarət Palatasından bir xəbər yoxdur. Hökumət və onun müvafiq strukturları dollarla olan kreditlər problemin həllini dondurmaq siyasəti yeritməklə, əslində həm də hər gün, hər həftə, hər ay özünün də bu problemi həll etmək şansını da itirməkdədir.
Bu problem o qədər ciddiləşib ki, artıq vəzifəli şəxslər də qaldırmağa başlayıblar. Əgər nəzərə alsaq ki, deputat həmkarmız Siyavuş Novruzov Yeni Azərbaycan Partiyası icra katibinin müavinidir, onun da anoloji təkliflə çıxış etməsi bu işin yürüməsi üçün vacib hesab edirik. Bununla belə hesab edrik ki, hökümətin müvafiq strukturları, nə Maliyyə Bazarlarına Nəzarət Palatası, nə Maliyyə Nazirliyi, nə də Mərkəzi Bank xarici valtytada olan kreditlərlə bağlı problemin çözülməsinə öz təşəbbüsləri ilə qoşulmayacaqlar. Ona görə də bu məsələnin həlli istiqamətində real addımın atılması üçün mütləq siyasi qərarın olması çox zəruridir.
- Ola bilərmi ki, MBNP rəhbərliyi Milli Məclisdə belə bir toplantının baş tutmasını əngəlləsin?
- Əvvəlcə onu deyək ki, son illər ölkədə həyata keçirilən struktur islahatlarını müsbət qiymətləndiririk. Bununla belə struktur və kadr islhatları özündə məqsəd xarakteri daşımamalı, onun real nəticələri dövlət idarəetmə sisteminin keyfiyyətinin, səmərəliliyinin, rəqabət qabiliyyətinin, çevikliyinin artmasına, ölkənin sosial-iqtisadi inkişafının sürətlənməsinə və əhalinin güzəranının yaxşılaşdırılmasına verilən töhfəyə yönələn meyarlarla ölçülməlidir. Bu baxımdan son iki ildəki fəaliyyətinin real nəticələrindən çıxış edərək xüsusi vurğulamaq yerinə düşər ki, Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirilən struktur islahatlarının ən zəif həlqəsidir və ona ən yüksək səviyyədə göstərilən etimadı doğrulda bilmir. Hazırda bankların sağlamlaşdırılması istiqamətində iş aparılsa da, hələ ki, nəticə o qədər də ürəkaçan deyil.
Eyni zamanda ölkədə problemli kreditlər məsələsi Maliyyə Sabitliyi Şurasının, eləcə də Maliyyə Bazarlarına Nəzarət Palatasının diqqət mərkəzində olan məsələdir: Buna baxmayaraq mətbuatdan çoxlarına məlumdır ki, hələ iki il əvvəl Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri bizim təklifləri əngəlləyirdi. Problemin həllinin ertələnməsinin nəticələri isə çox acınacaqlıdır. Son iki ildə problemli kreditlətin ümumi məbləği sürətlə artıb və təhlükəli hesab olunan “qırmızı xəttə” çatıb. 2018-ci il 1 mart vəziyyətinə kredit qoyuluşları 27 faiz azalıb, vaxtı keçmiş kreditlər isə 9 faiz artıb. Hazırkı şəraitdə problemli kreditlər, xüsusən də, dollarla olan kreditlər məsələsini optimal həll etmədən bank sistemini sağlamlaşdırmaq, bank sistemini sağlaşlaşdırmadan isə əhalini borc tələsindən qurtarıb milyonlarla insanın güzəranını yaxşılaşdırmaq və iqtisadiyyatı yüksək səviyyədə inkişaf etdirmk mümkün olmayacaq. Ona görə də bu problemlə qarşılaşan Rusiya da, başqa ölkələr də xarici valyutada olan kreditlər probleminin çözülməsi istiqamətində real addımlar atıblar. Hətta problemli kreditlərin bir qısminin silinməsi barədə qərarlar da qəbul ediblər. Azərbaycanda bu məsələyə məsul olan qurumlar xarici valyutada olan problemli kreditlərlə bağlı real nəticəsi görünən heç bir iş görmədiyindən vəziyyət getdikcə pisləşir. Çox təəssüf ki, indiyədək devalvasiyanın bütün ağırlığının xalqın üstünə atılmasının ağır fəsadlrını heç bir aidiyyatı dövlət qurumu, xüsusən də Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri etiraf belə etməyib. Sanki bu, belə də olmalıdır. Devalvasiyanın, həm də kobud səhvlər ucbatından törədilən “terapiyasız şok” formasının bütün ağırlığını xalq çəkməkdə davam edir. Xarici valyutada kredit borcları ilə bağlı Milli Məclisə çoxsaylı müraciət daxil olmaqda davam edir. Ona görə də dollarla olan kreditlər məsələsini biz həm Milli Məclisdə, həm də mətbuatda tez-tez qaldırırıq və əlbəttə, bu işə məsul orqanlar biganəlik göstərməsinə baxmayaraq, uyğun konkret sağlamlaşdırma proqramı həyata keçirilərək problem həll olanadək bundan sonra da qaldırmaqda davam edəcəyik. Əhalinin xeyli hisssəsinin dollarla borca düşməsində həm hüquqi, həm iqtisadi, həm sosial, həm də psixoloji faktorlar var. Bu məsələ sistem xarakterli məsələ olduğundan, sistemli yanasma tələb edir. Ölkəmizdə həyata keçirilən “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun surətdə beynəlxalq praktikada olduğu kimi, “Təxirəsalınmaz Tədbirlər Paketi” çərçivəsində bank sektorunun sağlamlaşdırlması prosesində həm də vergi güzəştləri, birbaşa maliyyə yardımı və sair də daxil olmaqla dövlətin banklara dəstək proqramının da həyata keçirməsi yaxşı olar. Yalnız bu cür kompleks yanaşma və maraqların konfliktindən maraqların uzlaşdırılmasına aparan yolla bu məsələni yumşaltmaq olar.
Problemli kreditlər məsələsi məhkəmələrdə tərəflərin maraqlarının balanslaşdırılması əsasında kompleks və ədalətli həll olunmur. Dollarla kredit borcları olanlara güzəştlərin edilməsi məsələsi nə qədər tez həll olunsa, bu həm dövlət, həm banklar, həm də əhali üçün faydalı olar:narazılıq azalar və əhalinin banklara inamı artar. Dollarla krediti olanların probleminin optimal həlli bir sıra digər problemlərin də həllini yumşaldar. Ona görə də məsələnin həlli sürətləndirilməsi həm dövlət, həm banklar, həm də əhali üçün xeyirlidir. Bunu nəzərə alaraq biz bu problemin risklərin paylanması və kreditlərin təbiətindən asılı olaraq konkret yanaşma yolu ilə ədalətli həllinin sürətləndirilmsində səylərini artırmağa çağırırıq.