
Dövlət satınalmaları hər zaman ictimai maraq doğuran mövzulardan biridir. Xüsusilə söhbət milyonlarla manat büdcə vəsaitindən getdikdə, qalib şirkətin fəaliyyət istiqaməti, təcrübəsi və seçim meyarları daha çox diqqət mərkəzinə düşür.Bizimesr.com bildirir ki, "Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu" (AQTİ) publik hüquqi şəxsi laboratoriyalar üçün reaktiv və müxtəlif laboratoriya ləvazimatlarının satın alınması məqsədilə 3 milyon 746 min 270 manat dəyərində müqavilə bağlayıb. Satınalmanın qalibi isə yenə də "Avaz Group" MMC olub.
Məlumata görə, müqavilə çərçivəsində laboratoriyalar üçün 800-ə yaxın adda reaktiv və müxtəlif təyinatlı ləvazimatların təchizatı nəzərdə tutulur.
Lakin satınalmanın nəticələri müəyyən suallar doğurur.
Belə ki, açıq mənbələrdə yer alan məlumatlara əsasən, "Avaz Group" MMC uzun illər daha çox eşitmə, nitq və reabilitasiya xidmətləri göstərən müəssisə kimi tanınıb. Şirkətin laboratoriya reaktivləri, kimyəvi maddələr və laboratoriya avadanlıqlarının təchizatı sahəsində geniş fəaliyyəti barədə ictimaiyyətə açıq məlumatlara rast gəlinmir.
Bu isə haqlı olaraq aşağıdakı sualları gündəmə gətirir:
Eşitmə və nitq sahəsində fəaliyyət göstərən şirkət laboratoriya reaktivlərinin təchizatçısı kimi hansı təcrübəyə malikdir?
Şirkət bu məhsulların rəsmi idxalçısı və ya distribütorudurmu?
Satınalma müsabiqəsində bu sahədə ixtisaslaşmış digər şirkətlər iştirak ediblərmi?
"Avaz Group" MMC hansı üstünlüklərinə görə qalib seçilib?Vergi reyestrindəki məlumatlara görə, "Avaz Group" MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 1000 manatdır. Hazırda qanuni təmsilçisi Mədət Sadıqovdur.
İnternetdə yayılan bəzi məlumatlarda bildirilir ki, şirkət əvvəlcə Sadiq Məmmədov tərəfindən təsis edilib. Sonradan isə şirkətin qanuni təmsilçisi dəyişdirilib.
Qeyd edək ki, Sadiq Məmmədov 2018-ci ildə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə Heyətinin sədri təyin edilmiş, 2023-cü ildə isə həmin vəzifədən azad olunmuşdu.
Milyonlarla manatlıq dövlət satınalmalarında əsas gözlənti tam şəffaflığın təmin edilməsidir. İctimai vəsait hesabına həyata keçirilən belə iri həcmli layihələrdə qalib şirkətin peşəkar təcrübəsi, maliyyə və texniki imkanları barədə ictimaiyyətin məlumatlandırılması vacib hesab olunur.
Bu baxımdan Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun satınalma prosesi ilə bağlı ətraflı açıqlama verməsi, "Avaz Group" MMC-nin laboratoriya reaktivlərinin təchizatı üzrə təcrübəsi və müsabiqədə qalib seçilməsinin əsaslarını ictimaiyyətə təqdim etməsi yaranmış suallara aydınlıq gətirə bilər.
Qeyd edək ki, AQTİ-nin İdarə Heyətinin sədri Əli Nəbiyevdir. O, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqat Təhməzlinin kadrı hesab olunur.
Tarix: 1-07-2026, 08:08