Sumqayıtda 1 saylı xəstəxana kanalizasiya suyunda "boğuldu"
Sumqayıt şəhərində yerləşən 1 saylı xəstəxanada ciddi sanitar problemlər yaşanıb. Bizimesr.com-a daxil olan məlumata görə, xəstəxananın birinci mərtəbəsini kanalizasiya suyu basıb və bu vəziyyət günlərlə deyil, həftələrlə davam edir. Məsələ ilə bağlı görüntülər xəstəxana əməkdaşlarından biri tərəfindən lentə alınıb.
İddialara görə, xüsusilə işçilərin geyinmə otağı tamamilə yararsız hala düşüb. Şkafların kanalizasiya suyunun içində qaldığı bildirilir. Əməkdaşın sözlərinə görə, problemə müdaxilə edilmir və vəziyyət getdikcə ağırlaşır:
“Bura işçilərin geyinmə otağıdır. Şkafların hamısı suyun içindədir. Nə suyu çəkirlər, nə də tədbir görən var. Artıq bir həftədir vəziyyət dəyişmir”. Bildirilib ki, yaranmış nəmişlik və qoxu həm işçilər, həm də xəstələr üçün ciddi risk yaradır və bu hal xəstəxanada anti-sanitar mühit formalaşdırır.
Əməkdaş əlavə edib ki, bu hal ilk dəfə baş vermir. Onun sözlərinə görə, son iki ildə oxşar hadisə mütəmadi şəkildə təkrarlanır: “İldə 2-3 dəfə bu vəziyyətlə üzləşirik”.
Qeyd edək ki, xəstəxananın uzun illər baş həkimi olmuş Mətləb Musayev bu ilin yanvar ayında vəzifəsindən azad edilib.
Tarix: 27-04-2026, 13:32