Üzərindəki 10 qram qızıla görə gömrükdə 518 manat ödəməyə məcbur etdilər – HAVA LİMANINDA AŞKAR SOYĞUNÇULUQ / FOTO

Üzərindəki 10 qram qızıla görə gömrükdə 518 manat ödəməyə məcbur etdilər – HAVA LİMANINDA AŞKAR SOYĞUNÇULUQ / FOTO

Abşeron sakini Fərhad Məmmədov: “Deyirlər ki, Gömrük son 6 ayda 102 milyon ziyanla işləyib...”
Abşeron rayonu, Masazır qəsəbəsinin sakini Məmmədov Fərhad Məmməd oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
“Mən, Məmmədov Fərhad Məmməd oğlu, bildirim ki, 28 sentyabrda İzmir-Bakı reysi ilə Bakıya gələn nəvəm Nazilə Gözəl Çengiz qızı Heydər Əliyev Hava Limanında gömrük işçiləri tərəfindən saxlanılmışdır. Bundan sonra qolunda olan qolbğılar ondan alınmışdır. Nazilə Gözəl buna etiraz etsə də, onun etirazına məhəl qoyulmamış, əksinə, şəxsiyyət vəsiqəsi də əlindən alınmışdır.
Məlumat üçün bildirim ki, Nazilə Gözəl Bakıda Türk liseyində müəllimə işləyir. Kömrük işçiləri onu kommersant kimi qeydə almışlar. Guya Nazilə müəllimə ticarətlə məşğuldur, qızıl alveri edir. Halbuki, bir ay öncə Türkiyəyə gedəndə həmin qolbağılar onun qolunda olub.
Biz gömrük işçilərinə etiraz bildirdik. Amma Nazilə müəlliməni 3 saat, bəlkə də daha çox orada saxladılar. Yekunda yenə öz bildiklərini etdilər. Üstəlik, yazılan cəriməni məcburi şəkildə bizə ödətdirdilər. Dedilər ki, pulu ödəməyəcəyiniz təqdirdə xanımı buraxmayacağıq.
Daha sonra gömrük əməkdaşlarından biri mənə yaxınlaşıb dedi ki, sizə çox pul ödətdirdilər. 20 qram qızılın aparılmasına görə rüsum yoxdur, 10 qramın pulu 518 manat edə bilməz. Lakin artıq çox gec idi, çünki pulu ödəmişdik.
Bu, özbaşınalıqdır, başqa adı yoxdur. Hətta utanmaz-utanmaz bildirdilər ki, hara istəyirsən şikayət et, bizə heç kəs heç nə edə bilməz, “yuxarı”nın göstərişi budur.
Əgər bu gün ölkəmizə gələn-gedənin üzərindəki qızıl-zinət əşyasına görə cərimə olunuruqsa, o zaman niyə saxlanc yeri yaradılmır?! Mənim nəvəmin üzərində 10 qram qızıl olub, 40, 50, 100 qram olmayıb. Bu, sadəcə vətəndaşı soymaqdır. Yəqin cərimələrlə büdcəni doldurmaq istəyirlər. Saxlanc yerləri yaradılsın, pulunu ödəyək, üzərimizdəki 10 qram qızılı ora qoyaq, qayıdanda da götürək. Yoxsa 10 qram qızıla 518 manat cərimə yazmaq nə deməkdir?! Bu qədər özbaşınalığı edənlərin hər biri cəzalandırılmalıdır.
Yeri gəlmişkən, orda belə bir söz də eşitdik ki, Gömrük Komitəsi öhdəliyi yerinə yetirə bilmədiyi üçün hər kəsə cərimə yazırlar. Bu, nə qədər doğrudur, bilmirəm, eşitdiyimi qeyd edirəm. Deyilənə görə, Gömrük son 6 ayda 102 milyon ziyanla işləyib. Bu səbəbdən də Gömrük idarəsi büdcəsini doldurmaq üçün insanları soyur. Bunun başqa adı yoxdur”.
Jalə FAMİLQIZI
Redaksiyadan: Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Tarix: Bu gün, 18:10
Xəbəri paylaş





Xəbər lenti