"Yaxşı, deyək ki, tələbələri apardınız müftə fəhləliyə..." - ŞƏRH


"Tələbələrin Qarabağda havayı fəhlə işləməyə göndərilməsi təklifi niyə yanlışdır? Azərbaycanda fəhlənin maaşı onsuz da indi çox aşağıdır..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının qurucu üzvü İlqar Məmmədov qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Əmək bazarına hələ bir havayı işçi qüvvə də çıxarsan, onsuz da qəpik-quruş qazanan fəhlənin əməyi daha da ucuzlaşar. Ona görə yanlışdır. Hər şeyin bazarı olduğu kimi əməyin də bazarı var. O bazara yayda havayı işləyən tələbəni tök, gör o biri fəhlələr ac qalır, ya qalmır.

...Yaxşı, deyək ki, tələbələri apardınız müftə fəhləliyə. Dövlətdən tender alıb Qarabağda nə isə tikən şirkətin xərcləri də buna görə biraz azaldı. Qənaət olunan vəsait o biri fəhlələrə çatacaq? Aha, gözlə! Şirkət rəhbərlərinə mükafat yazılacaq ki, nə yaxşı işləmisən, nə yaxşı menecerlik etmisən sən. Xərclərimiz azalıb. Korporativ mədəniyyət budur da.

Menecerlər də kimdir? Baxın Qarabağda tender qazanan şirkətlərə - gündə məlum olur ki, hərəsi bir yüksək vəzifəlinin övladının şirkətidir. Hamısı biznesmen imiş, indi də fəhlələrdən qənaət elədiyi pula özlərinə mükafat yazdıracaqlarmış. Korporativ mədəniyyət, nə istəyirsən?.."
Tarix: Bu gün, 10:18
Xəbəri paylaş





Xəbər lenti