İşsizləri vergiyə necə cəlb etməliyik

 
“Kasıbın evində ata həmişə unutqan, ana da həmişə tox olar”
(Türk ata sözü)
Bəzi əhali qrupları uzun illərdir gizlənir, müəyyən vergiləri ödəmək istəmirlər. Bunlara əsasən işsizlər daxildir. Sovet vaxtı ölkəmizdə bekar adamları hətta tutub dama basırdılar. Məsələn, sonradan xaricə qaçıb imperialist dairələrdən ədəbiyyat üzrə Nobel mükafatı alan şair İosif Brodski 1960-cı illərdə müftəxorluq, ictimai fəaliyyətsizliklə suçlanaraq 5 illik həbs-sürgün cəzasına məhkum edilmişdi. 
1980-ci illərdə zəhmətsiz gəlirlərlə mübarizə kampaniyası uşaq olsam da, şəxsən yadıma gəlir. 
Müstəqillik dövrümüzdə isə hökumət xalqın başını müəyyən qədər boş buraxıb. Artıq nə qədər işsiz insan vardır. Hətta bunu gizlətmirlər! Bəzən hansısa körpünün altında toplaşırlar. Görün ölkəmizdə işsizlərə nə qədər azadlıq, demokratik mühit yaradılmışdır! 
Ancaq demokratiya anarxiya deyildir! Ona görə builki büdcə müzakirələri zamanı parlamentdə çox düşündülər ki, necə edək gələn il işsizlərin vergi verməsinə nail olaq. Ən azı icbari tibbi sığorta vergilərini ödəsinlər, acından ölərkən tibbi xidmət göstərmək mümkün olsun. Bu da bir daha humanizmin miqyasını göstərir, lakin indi mədhiyyə zamanı deyil, güman edirəm gələn il bunun üçün daha çox vaxtımız olacaqdır. 
İşsizlərdən vergi toplamaq üçün elmi-texniki-modernist üsullar lazımdır. Məsələn, işsizlərə elektron qolbaq taxmaq olar. Uzaqdan müşahidə edirsən, əgər evdən çıxıb gedirsə, deməli, harasa qazanc ardıyca yollanır! Təmiz, netto işsiz evdə oturmalıdır. 
İşsizlər üçün xüsusi geyim, fərqlənmə nişanları hazırlana bilər. Məsələn, işsiz riyaziyyat müəllimlərinin yaxasına üçbucaq, işsiz jurnalistlərin formasına qələm simvolu yapışdırmaq mümkündür. Anadangəlmə işsizlərə lüt gəzməyə icazə verilməlidir. 
Yaxud bəzi işsizlər sədəqə alır, lakin indiyəcən bunun vergisi nəzərdə tutulmamışdır. Niyə axı? Biz sədəqədən vergi almalıyıq. Buna “əl vergisi” deyilə bilər. Əlini açmısan, vəssalam, canın çıxsın pulunu ver. Onu da ölçmək çətin deyil, elektron şəhər müşahidə kameraları vasitəsiylə baxmaq olar, əli açıq olan vergi faizini verər. Yumruq kimi birləşməli olduğumuz halda, hansı çirkin niyyətlər sizi əlinizi açıq tutmağa vadar edir?
Burada müəyyən çətinlik kənd yerlərində yarana bilər, ancaq düşünürəm ki, peyk vasitəsilə regionlar müşahidə altında tutulmalıdır. Dostumuz Amerikanın peyklərindən də istifadə etmək lazımdır. Mənim yaxşı yadımdadır, haradasa 20 il qabaq zəhmətkeşlərimiz arasında belə dialoqa şahid olmuşdum. Biri deyirdi ki, niyə bu yankilər bin Ladeni Əfqanıstan dağlarında tutmaqda çətinliklə üzləşib, axı onların peykləri yerdə siqaret işığını görəcək qədər dəqiqlik imkanına malikdir. O biri məntiqi cavab vermişdi: “Yəqin bin Laden siqaret çəkmir”. 
Qayıdaq mövzumuza. Maraqlıdır ki, işsizləri vergiyə cəlb etmək üçün metodlar üzərində düşünən məmur, nazir və deputatların özləri əslində ilin qalan aylarında işsiz qalırlar. Veyillənərək rüşvətxorluğa maraq göstərirlər. Bəs dövlətimiz onları necə vergiyə cəlb edir? Bunun üzərində düşünməyə dəyər. 
Dünən xəbər lentində çox maraqlı, uyğun bir metoda da rast gəldim, hesab edirəm ki, bunu da vergi yığılmasına tətbiq eləsək uduzmarıq. Demək, Şimal tərəfə gedən bir ödənişli yolumuz var, orada yeni, ağıllı, süni intellektli radarlar qoyulmuşdur. Hələlik sınaqdan çıxarılır, inşallah, tezliklə tam qüvvəsiylə işlədilər. Bu radarın mahiyyəti isə sürət həddini aşanları görməsə belə təyin etmək qabiliyyətindədir! 
İzah edim. Məsələn, tutalım 2 radar arasındakı məsafə 100 kilometrdir, sürət həddi də saatda 100 km-dir. Ancaq hansısa sürücü bunu 1 saat yox, 30 dəqiqəyə qət edib. Söhbəti anladınız... Deməli, qardaşımız ancaq radar işarəsinə az qalmış sürəti azaldıb, qalan məsafəni uça-uça gedib! “Giriş” radarı informasiyanı “çıxış” radarına ötürəcək, ondan sonra buyur, cəriməni ver, zəhmət olmasa. 
İşsiz şəxsləri də buna bənzər üsulla, misal üçün, hər ayın əvvəli və axırı tərəzidə çəkmək lazımdır. Azalmayanlar cərimə edilməli, vergisini verməlidir. 
Tarix: 4-12-2025, 10:30
Xəbəri paylaş





Xəbər lenti