Fuad Nəcəflinin 1 AY ƏVVƏL təmtəraqla açılışını etdiyi Naxçıvan Hemodializ Mərkəzi İFLİC DURUMDA - DÖVLƏTİN PULU HAVAYA SOVRULUB

    

Fuad Nəcəflinin 1 AY ƏVVƏL təmtəraqla açılışını etdiyi Naxçıvan Hemodializ Mərkəzi İFLİC DURUMDA - DÖVLƏTİN PULU HAVAYA SOVRULUB
Cəmi bir ay əvvəl təmtəraqla açılan Naxçıvan Hemodializ Mərkəzi hazırda iflic vəziyyətə düşüb. Mərkəzdə nə laboratoriya işləyir, nə sanitar otağı var, nə də su və camaşırxana kimi elementar şərait.
Əməkdaşların “Gündəlik Naxçıvan”a bildirdiklərinə görə, lazımi şərait olmadığı üçün laborantlar analizləri əlində daşıyaraq başqa müəssisələrə aparır. Dializ üçün lazım olan su, dərman və tibbi materiallar isə hələ də Diaqnostika Mərkəzindən gətirilir.
Xəstə və yaxınları bildirirlər ki, sanitar qovşağında əl yumağa belə yer tapmır. Oğlu dializ olan Naxçıvan şəhər sakini Bəhriz Musayev deyir ki, burda xəstə sağalmaq yerinə daha da ağırlaşır:
“Burda müalicə yox, əzab var. Xəstə dializə görə gəlir, amma şərait o qədər pisdir ki, vəziyyəti daha da ağırlaşır. Su yoxdur, təmizlik yoxdur, heç bir sanitar normalı gözlənilmir. İnsan həyatı bu qədər dəyərsiz ola bilməz. Pulsuz verilməli olan dərmalr da ümumiyyətlə tapılmır. Çünki, satış üçün apteklərə paylanıb. Biz də onlardan od bahasına alıb, gətirib həkimlərə veririk ki, xəstələrimizi müalicə etsin.”
Əməkdaşlar isə çatışmazlığı aradan qaldırmaq üçün baş həkimin “maliyyə çatışmazlığı” adı altında əməkdaşlardan pul topladığını iddia edirlər.
“Sadəcə biabırçılıqdır. Dövlət milyonlarla pul ayırıb, bahalı avadanlıqlar qoyulub, amma normal şərait yoxdur. Suyu yox, laboratoriyası yox, camaşırxanası yox. Laborant analizləri əlində başqa xəstəxanalara aparır.
Dializ üçün lazım olan su və dərmanlar Diaqnostika Mərkəzindən daşınır. Baş həkim də ‘maliyyə çatışmazlığı’ deyib işçilərdən pul yığır. Elə vaxt olur ki, bizdən 5 manat belə toplayırlar. Milyonlarla vəsait xərclənmiş bir obyektin bu vəziyyətdə olması ciddi suallar doğurur. Bu mərkəzin açılışı nəyə xidmət edib?”
İşçilər aidiyyəti qurumlardan təcili araşdırma aparılmasını və həm xəstələr, həm də personal üçün normal şəraitin təmin edilməsini tələb edirlər.
Tarix: 4-12-2025, 16:23
Xəbəri paylaş





Xəbər lenti