Musavat.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın hər ay cəbhədəki canlı qüvvəsini 9 min nəfər artırdığını və ilin sonuna qədər 10 yeni diviziya formalaşdırmağı planlaşdırdığını açıqlayıb.Məlumata görə, bu diviziyalardan ikisi artıq yaradılıb.
Baş Qərargahın məlumatında qeyd olunur ki, Rusiya bu şəkildə hücum gücünü artırmağa və Ukrayna müdafiəsini yarmağa çalışır. Ukrayna ordusunun baş komandanı Oleksandr Sırski bildirib ki, yaranmış təhlükə fonunda Ukraynanın başqa çıxış yolu yoxdur: “Səfərbərlik tədbirləri davam etdirilməli, qoşunlarımızın döyüş hazırlığı artırılmalı və pilotsuz komponent daha da gücləndirilməlidir”.
Qurum rəhbəri əlavə edib ki, hərbi idarəetmənin səmərəliliyini artırmaq üçün korpus səviyyəsində islahatlar davam etdirilir. Yeni yaradılmış ordu korpuslarının əksəriyyəti artıq öz vəzifə zonalarını və şəxsi heyətini tam qəbul edib.
Baş Qərargah həmçinin Ukrayna Silahlı Qüvvələrində təlim, logistika, texnikanın təmiri, fortifikasiya işləri və hüquqi çərçivənin təkmilləşdirilməsi istiqamətində görülən tədbirləri də dəyərləndirib. Xüsusi olaraq, təlim mərkəzlərində və poliqonlarda hərbi qulluqçuların təhlükəsizliyinin gücləndirilməsinə diqqət yetirildiyi vurğulanıb.
Mussvat.com