Lavrov Putinin xüsusi nümayəndəsi ilə stul üstündə mübahisə etdi - QALMAQAL
Rusiya prezidenti Vladimir Putinin ABŞ ilə danışıqlar üçün Səudiyyə Ərəbistanına göndərdiyi nümayəndələr arasında qalmaqal yaşanıb. SAVASHMEDİA.az Rusiya mənbələrinə istinadla xəbər verir ki, əvvəlcədən şəxsi ədavətləri olan rusiyalı nümayəndələr amerikalıların gözləri qarşısında stul üstündə dava ediblər. Məlumata görə, Səudiyyə Ərəbistanına yalnız xarici işlər naziri Sergey Lavrov və Putinin köməkçisi Yuri Uşakovun uçması planlaşdırılsa da, heyət sonradan genişləndirilib. Belə ki, Rusiya lideri qəfildən öz xüsusi nümayəndəsi Kirill Dmitriyevi nümayəndə heyətinə əlavə edib və bu haqda Lavrova heç bir xəbərdarlıq edilməyib. Bu, Lavrovu qıcıqlandırıb və danışıqlar zalında Dmitriyevlə mübahisə edib. Mənbə bildirib ki, amerikalılar buna çaşqınlıqla baxırdılar. Lavrov stulunu masadan itələyərək deyib: “Əgər o (Dmitriyev) danışıqlarda iştirak etmək istəyirsə, bu barədə mənə şəxsən Vladimir Vladimiroviç məlumat versin”. Bundan sonra Dmitriyev zalı tərk edərək jurnalistlərlə söhbət etmək üçün dəhlizə çıxıb.
Tarix: 4-04-2025, 13:29