“Bakı-Tbilisi qatarının da əmması çıxdı. Hər gecəyarısı 00:30-da növbəti 30-cu günün biletləri satışa çıxarılır və 15-20 dəqiqə ərzində onlayn şəkildə satılır. Amma bu bilet satışı qatarın keyfiyyəti ilə antoqonistdir.
00:34-də sistem açılır və 5-6 dəqiqə ərzində 2 nəfərin bileti üçün şəxsi məlumatları doldurub pulu köçürürsən. “Pul daxil olub”, “proses uğurlu oldu!” yazılır. Sonra pul geri qaytarılır. İndi bəziləri izah edəcəklər ki, o biletlər sizin cəhdinizdən bir saniyə əvvəl kimsə alıb. Elə olan halda proqram pulu niyə götürür? Ardıcıllıq yoxdurmu? Çoxlu suallar çıxır”.
R.İsmayılov məsələyə görə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə müracit edib: “XXI əsrdə bunun adı nədir? Bu işin iki başı da sizin qurumun birbaşa adıdır! Nəqliyyat da, rəqəmsal da”.
Bundan əlavə jurnalist qeyd edib ki, artıq bir neçə gündür turizm şirkətləri Gürcüstana qatarla turları reklam edir:
“Bizim 30 gün əvvəl ala bilmədiyimiz 2-3 bileti 20-30 nəfər üçün necə alacaq turizm şirkəti? Bəlkə hakerləri kompyuterin arxasına oturdacaqlar? Axı bu sıravi vətəndaşların gediş-gəlişi üçün nəzərdə tutulub? Azərbaycan və Gürcüstanın ən yüksək hökümət adamları açılışında iştirak edib. Əminəm ki, Milli Kibertəhlükəsizlik Mərkəzi və hüquq mühafizə orqanları məsələni araşdıracaq. Araşdıracaq ki, əhali üçün nəzərdə tutulmuş bu nəqliyyat vasitəsi möhtəkirlərin əlinə necə keçir? Deməli, torbada pişik yox, pişikdə torba var.
O da maraqlıdır ki, 00:30-da açılmalı olan sistem niyə 3-4 dəqiqə gec açılır? 3-4 dəqiqə bizə qısa vaxt hesab oluna bilər. Amma onlayn sistemdə çox şeyi həll etmək olur bu müddətdə.
Toya getmirik əziz, ADY. Vəfat edən doğmamızın yas mərasiminə getmək üçün əsir-yesir olmuşuq. Yəqin sizə də qismət olar belə günlər. Onda görərsiniz“.

Ölkə.az məsələ ilə bağlı Azərbaycan Dəmir Yollarına (ADY) sorğu ünvanlayıb. Qurumdan bildirilib ki, Azərbaycan dəmir yollarında bilet satışı həm onlayn (ADY-nin rəsmi saytı və “ADY Mobile” tətbiqi üzərindən), həm də dəmiryol kassalarında tam şəffaf şəkildə həyata keçirilir:
“Hər kəs ümumi sistem üzərindən 30 gün müddətində hər hansı reysə nə qədər yer qaldığını görə bilir. Bir şəxs bir reysdə öz adına iki bilet əldə edə bilməz. Hər bir bilet bir konkret şəxsin adına rəsmiləşdirilir.
Azərbaycan dəmir yollarında 2024-cü ilin noyabr ayından tətbiq edilən dinamik qiymət siyasətinə əsasən, sərnişinlər biletləri 25-30 gün əvvəl aldıqda daha sərfəli qiymətlərdən yararlana bilirlər. Bu, həm sərnişinlərin səfərlərini planlaşdırmasını asanlaşdırır, həm də ADY-nin tələbatı vaxtında müəyyənləşdirməsinə və buna uyğun tədbir görməsinə imkan verir.
Bilet satışı hər zaman 30 günlük dövrü əhatı edir. Yəni hər gün növbəti 30-cu gün üçün yeni biletlər satışa çıxarılır. Kassalarda və onlayn sistemdə satış prosesi saat 00:30-dan sonra aktiv olur. Hazırda Bakı–Tbilisi–Bakı marşrutu üzrə tələbat çox yüksək olduğundan biletlər satışa çıxarılandan qısa müddət ərzində satılır.
Sərnişinlərə səyahət tarixinə uyğun biletləri mütəmadi olaraq yoxlamağı tövsiyə edirik”.














