Böyük Britaniyada tanınmış vəkil Rori Fordays Azərbaycanın sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ailəsi ilə əlaqəli vəsaitlərin yoxlanılmasında etinasızlıq göstərdiyinə görə 32 min 500 funt sterlinq, təxminən 42 min dollar məbləğində cərimələnib. Bu barədə Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması Mərkəzi (OCCRP) məlumat yayıb. Böyük Britaniyanın Hüquqşünaslar üzrə İntizam Tribunalı (SDT) Fordaysın 5 il müddətinə hüquq firmalarında rəhbərlik və ya komplayens (compliance) vəzifələrində çalışma hüququnu da məhdudlaşdırıb. Bundan əlavə, o, 50 min funt sterlinq məbləğində məhkəmə xərclərini ödəməyə məcbur edilib. SDT Fordaysın maliyyə yoxlamalarını “səthi, sistemsiz və sadəlövh” adlandırıb. İstintaq zamanı müəyyən olunub ki, 2013-2015-ci illər arasında Fordaysın direktoru olduğu Taylor Fordyce hüquq firmasının hesabına Eldar Mahmudovun oğlu Anar Mahmudovun ailə üzvləri tərəfindən iki dəfə iri məbləğdə vəsait köçürülüb.
OCCRP-nin məlumatına görə, bu vəsaitlərdən biri - 1,9 milyon funt sterlinqdən çox məbləğ - “Continental Properties Limited” adlı şirkət vasitəsilə Cənubi İngiltərədə ticarət obyektinin alınmasına sərf edilib. Dəqiq ünvan açıqlanmasa da, jurnalist araşdırmalarına əsasən, 2015-ci ilin mayında həmin şirkət Nyuberi şəhərində dəyəri 1,85 milyon funt olan obyekt alıb. Məlumata görə, bu əmlakda Pizza Hut, Greggs və Salvation Army kimi müəssisələr fəaliyyət göstərir.
Tribunal həmçinin qeyd edib ki, Fordays Mahmudov ailəsinin nümayəndələri tərəfindən təqdim edilən ziddiyyətli məlumatlara həddən artıq güvənib və əmlak alışını tələb olunan sənədləri təqdim etmədən həyata keçirib.
OCCRP-nin əvvəlki araşdırmalarında qeyd olunurdu ki, Mahmudovlar ailəsi Avropada dəyəri azı 100 milyon avro olan biznes imperiyası qurub.
Mahmudovlar ailəsinin vəkili isə OCCRP-yə cavabında bildirib ki, ailənin sərvətinin kökü 19-cu əsrə qədər gedib çıxır və bütün aktivlər qanuni yolla əldə edilərək rəsmiləşdirilib. Bu qalmaqaldan sonra Mahmudovun varidatının mənbəyi ilə bağlı araşdırma aparıla bilərmi?
Zamirə Hacıyeva kimi Mahmudovlar da Londonda “sərvətin mənbəyini izah etmə” imtahanından keçə biləcəklərmi? Yaxud da bu qalmaqal onların beynəlxalq reputasiyasına və sərvətinə ciddi zərbə vuracaqmı?
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, bu qalmaqal kifayət qədər ciddi görünür: “Londonda baş verən son hadisə, vəkil Rori Fordaysın Mahmudov ailəsinə aid vəsaitlərlə bağlı maliyyə yoxlamalarında səhlənkarlığa görə cəzalandırılması əslində bir hüquqşünasın məsuliyyətsiz davranışı ilə kifayətlənə biləcək hal deyil. Bu hadisə eyni zamanda Böyük Britaniya qanunvericiliyində yer alan və İzaholunmamış Sərvət Sorğusu (Unexplained Wealth Order -UWO) kimi tanınan ciddi hüquqi mexanizmin yenidən gündəmə gəlməsinə səbəb ola bilər. Mahmudov ailəsinin Avropada 100 milyon avrodan artıq dəyəri olan biznes imperiyası qurması, ancaq bu sərvətin mənbəyinin tam şəkildə şəffaf olmaması artıq ictimai və hüquqi suallar doğurur. Xüsusilə də Böyük Britaniyada son illərdə naməlum sərvət sahiblərinə qarşı ciddi mübarizə aparıldığı, offşor fondlar və korrupsiya riskləri ilə əlaqəli sərt qanunların tətbiq olunduğu bir vaxtda Mahmudovlarla bağlı bu cür maliyyə köçürmələrinin səthi yoxlamalarla həyata keçirilməsi hüquq-mühafizə orqanları üçün bir siqnal ola bilər”.
Natiq Ələsgərov deyib ki, bu baxımdan, Mahmudovların vəziyyəti 2018-ci ildən başlayaraq İzaholunmamış Sərvət Sorğusu mexanizminin ən tanınmış nümunəsi olan Zamirə Hacıyeva işini xatırladır: “Eldar Mahmudovun qudası Zamirə Hacıyeva Azərbaycan Beynəlxalq Bankının sabiq rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı olaraq, Londonda "Harrods" mağazasında 10 il ərzində 16 milyon funt sterlinqdən çox pul xərcləmişdi. Bu xərclərə bahalı zinət əşyaları, lüks brendlər və eksklüziv xidmətlər daxil idi. Onun adına qeydiyyatda olan əmlaklar, o cümlədən “Knightsbridge”də yerləşən 15 milyon funtluq villa və “Berkshire”dəki golf klubu, İngiltərə Milli Cinayət Agentliyinin (NCA) diqqətini çəkmiş və “naməlum sərvət”in izahı tələb olunmuşdu. Hazırda Mahmudov ailəsi ilə bağlı ortaya çıxan məlumatlar da Zamirə Hacıyeva işində olduğu kimi, İzaholunmamış Sərvət Sorğusu tətbiqi ehtimalını gündəmə gətirir. Fordaysın sadəlövh və səthi yoxlamaları hüquqi müstəvidə diqqətsizlik kimi qiymətləndirilsə də, bu hadisənin arxa fonunda çox daha böyük bir məsələ - potensial korrupsiya və qanunsuz yolla əldə edilən sərvətin yuyulması ehtimalı dayanır. Britaniya hüquq sistemi belə hallarda məsuliyyəti təkcə vəkilin üzərinə qoymur, vəsaitlərin mənşəyi və istifadəsi də dərin təhlil olunur".
Natiq Ələsgərov deyib ki, əgər Mahmudovların təqdim etdiyi maliyyə məlumatları qeyri-dəqiq, natamam və ya inandırıcı deyilsə, yaxud varidat riskli mənbələrdən gəlibsə, bu zaman NCA istintaqa başlaya bilər: “Bu halda Mahmudov ailəsi malik olduğu əmlak və sərvətin qanuni mənbəyini məhkəmə qarşısında izah etməyə məcbur olacaq. Əgər bunu edə bilməsələr, Britaniya qanunlarına görə bu əmlakların müsadirəsi mümkündür. Zamirə Hacıyeva işində də məhz bu mexanizm işlədi və nəticə etibarilə onun əmlakları donduruldu, bəzi aktivlər müsadirə edildi. Eyni prosedur Mahmudovların Avropadakı aktivləri üçün də tətbiq edilə bilər. Digər tərəfdən, bu hadisə Azərbaycanın da daxil olduğu ölkələrin maliyyə şəbəkələrinin beynəlxalq miqyasda necə izləndiyini ortaya qoyur. Bu qalmaqal göstərir ki, sadəcə, vəkilin cəzalandırılması ilə məsələ bitməyəcək. Bu, Mahmudov ailəsinin Avropadakı sərvətinin legitimliyi ilə bağlı genişmiqyaslı sorğuların başlanğıcı ola bilər”.
Tarix: Bu gün, 13:52