Belə ki, martın 12-də Qida Təhlükəsizliyi Agentliyi Dadaşov Pərviz Almas oğluna məxsus “Top Qapı” restoranında yoxlama aparıb və ciddi nöqsanlar aşkarlayıb.
Məlum olub ki, sanitar qovşağın qapısının birbaşa ətin ilkin emalı sahəsinə açıldığı mətbəxdə havalandırma sisteminin qurulmayıb, qida məhsulları tələb olunan qaydada və temperaturda saxlanılmır, qida ilə təmasda olan işçilər tibbi müayinədən və gigiyenik təlimlərdən keçirilmədən çalışır, baytarlıq sənədləri olmayan heyvan mənşəli məhsullar istehlaka təqdim olunub.
Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və qanunvericiliyə uyğun zəruri tədbirlər görülüb.
“Top Qapı” AQTA-nın qərarlarına əməl etməyib
Aprelin 1-də isə AQTA tərəfindən həmin qərarın icra vəziyyətinin yerində yoxlanılması məqsədilə aparılan baxış zamanı “Top Qapı” restoranının məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərara əməl etmədən və göstərilən nöqsanlar tam aradan qaldırılmadan fəaliyyət göstərdiyi və müəssisədə təmir işlərinin aparıldığı bir vaxtda müxtəlif qidaların emal olunduğu müəyyən edilib.
Faktla bağlı Pərviz Dadaşov barəsində inzibati icraata başlanılıb.
Məsələ ilə bağlı “Top Qapı” restoranı ilə əlaqə saxladıq. Restoranın rəhbəri Pərviz Dadaşov Bizim.Media-ya açıqlamasında bildirib ki, AQTA-nın iradları aradan qaldırılıb:
“Restoran əvvəlki qaydada öz işini davam etdirir. Sosial şəbəkələrdə yayılan son şəkillərsə indinin yox, çoxdanın şəkilləridir”.
Xatırladaq ki, son zamanlarda AQTA tərəfindən bir çox restoranların işində nöqsanlar aşkarlandığı üçün fəaliyyətləri məhdudlaşdırılıb. Həmin restoranlar siyahısında “Top Qapı” ilə yanaşı “Vətən”, “Sarı qaya”, “Xarı Bülbül” kimi iaşə obyektləri də var.
