Bir ton pul

 
Əski məmurlarımızdan birinin 170 milyon manatı ölkədən çıxarıb İspaniyada kef elədiyini yazmışdılar, o da bunu qətiyyətlə təkzib etdi, dedi mən ora yalnız müalicə üçün gedirəm, hazırda İsmayıllıda bağdayam, ordan Şüvəlanda bağa gedəcəyəm, sizi Allaha tapşırıram, ümumiyyətlə, bizdə qanun-qayda var, heç kim o qədər pulu ölkədən çıxarıb apara bilməz.
Allaha tapşırılmaq, İspaniyada müalicə və bağlarda istirahət mövzusuna toxunmaq istəmirəm, ancaq 170 milyonu ölkədən çıxarmaq məsələsində müəllim ciddi səhv edir. Bizdə ondan da çox pulu qapazlayıb aparanlar olmuşdur. Məsələn, bir nəfər var idi, 9 milyard dolları müdir qoyulduğu bankdan əkişdirmişdi, bu ittihamla 9 ildir içəridədir, hələ əfvə düşməsə 5-6 il də yatmalıdır. Ancaq onun türmədə olduğu müddətdə övrəti boş dayanmır, Londonda hər dəfə dükandan bir neçə milyonluq alver eləməklə ingilis mətbuatına minlərlə funt qonorarlıq tema verir.
Məbləği görməmişik, əlbəttə, amma riyazi olaraq maraqlı rəqəmdir. 170 milyonu dollara çevirəndə 100 milyon dollar edir. 1 milyon dollar 10 kilodur, deməli müəllimə 1 ton pulu ölkədən aparmaq lazım olardı. Bir Boinq-747 100 ton yük daşıya bilir. Deməli dəyərli məmurumuz (ən azı 100 milyon dəyərindədir) istəsə bunu çox asanlıqla edər. Və ya etmişdir.
Ancaq başqasının pulunu saymağa uca millətimiz pis baxır, lap o pulu özünün cibindən əkişdirsələr belə, ona görə biz də bu faydasız məşğuliyyəti dayandırıb keçək başqa temaya. Keçən yazılarımızda da əslində bu riyaziyyat mövzularının bizdə çox anomaliyaya uğradığını göstərmişik. Məsələn, birdən görürsən hökumət sertifikasiya imtahanı nəticəsində 7 min müəllimlə əmək müqaviləsinə son qoyulduğunu elan edir, lakin vakant yerlər açıqlananda məlum olur rayonların çoxunda müəllimlər üçün boş, vakant yerlər yoxdur. Gəl indi burdan nəsə anla. Müəllimlərimiz də anlamaqda çətinlik çəkir, nazirliyin önünə gedib ağlaşırlar. Halbuki, məktəb sektorumuzda bu tip hadisələrə dəfələrlə rast gəlirdik. Mən özüm neçə dəfə qədim zamanlarda məktəbdə seçki müşahidəçisi olanda bunu canlı müşahidə eləmişəm: görürdün seçkiyə siyahıda olan, misal üçün, 1200 seçicidən cəmi 300 nəfəri gəlib, lakin axırda deputat 1500 nəfərin səsi ilə seçilmişdir. Bu necə olurdu, heç Məzahir müəllim də anlamırdı. Əgər siz elmi fantastika janrının azarkeşisinizsə bu temada Aleks Qarlend-in “Annihilation” (2014) filminə baxmaq, Struqatski qardaşlarının 1972-ci ildə yazdığı “Yolqırağı piknik” uzun hekayəsini oxumaq məsləhətdir. 
Maraqlıdır ki, elm-təhsil sahəmizdə belə anomaliyalara çox rast gəlirik, tərsinə olmalıydı məntiqlə. Birdən görürsən hansısa regional təhsil idarəsində 77 direktora cəza verildiyi açıqlanır, təəccüb edirsən, çünki hətta oturub bir-bir, kəndbəkənd sayanda orada 60-dan artıq məktəb çıxmır. Bəs qalan məktəblər hardandır?
Bugünlərdə jurnalistika ixtisasına qəbul olunmaq istəyən “xoşbəxt abituriyentlər” (bizim əlimiz bala batıb, gəlin) qabiliyyət imtahanı veriblər, esse yazıblar. Yeri gəlmişkən, bu imtahanın nə qədər mənasız və absurd olduğunu hamı bilir, çünki nədənsə başqa sənətlərdə belə imtahan götürmürlər. Misal üçün, biz tələb edirik travmatoloq olmaq istəyənlər də universitetə girmək üçün kiminsə sınıq barmağına dərman eləsinlər, ən azı bir qurbağa qarnı yarsınlar. Mühəndis olmaq istəyən sement qarışdırsın, nə bilim, müəllim olmaq fikrindəsənsə bir neçə şuluq uşağı şapalaqla və sairə. Yoxsa niyə jurnalistlər əvvəldən repressiya ilə üzləşir? Nəsə, çox dərinə getməyək, çünki məsul yoldaşlar qabiliyyət imtahanında əslində hamını yola verirlər. Buyurun, statistika: 4 avqustdakı qabiliyyət imtahanında iştirak hüququnu 1071 abituriyent qazanıb. 253 nəfər imtahana gəlməyib (necə uzaqgörən uşaqlardır!), 745 nəfər “məqbul” qiyməti alıb. 1071-253=818 edir. Belə çıxır “qabiliyyət”dən cəmi 73 nəfər keçməyib.
Öz aramızdır, yenə başqa temaya keçə bilmədik.
Zamin HACI
Tarix: Bu gün, 10:29
Xəbəri paylaş





Xəbər lenti