Yaz gəlib, amma tərəvəzin qiymətləri əl yandırır...
Yazın gəlişi bir neçə günlük gecikmə ilə nəhayət hiss olunsa da bu ab-hava Bakının meyvə-tərəvəz bazarlarında kənd təsərrüfatı məhsullarının qiymətlərinə təsir etməyib. Paytaxt bazarlarında tərəvəzin qiyməti hələ də əl yandırır, yerli istixanalarda yetişdirilən pomidor-xiyarın, digər tərəvəzin qiymətləri onu geniş alıcı kütləsi üçün əlçatmaz edir.Baş çəkdiyimiz bazarlardan birində- “3-cü mikrorayon bazarı”ında tərəvəz boldur, amma alıcı qıtlığı dərhal hiss olunur. Bazara girənlər də qiymətlərlə tanış olandan sonra əsasən əliboş çıxırlar.
Bazarda ən bahalı tərəvəz bibərdir. Hələ satışda yerli bibər olmadığından bazarda satılan bibər xarici ölkələrdən, o cümlədən, Türkiyə və İrandan gətirilir və kiloqramı 7-8 manata təklif olunur. Pomidor da ondan geri qalmır. Lakin bu tərəvəzin yerli istehsalı xaricdən gətiriləndən daha bahadır. Bazarda ən bahalı pomidor keyfiyyətinə görə seçilən Zirə pomidorudur. Supermarketlərdə 7 manata təklif olunan bu pomidor bazarlarda nisbətən ucuz, 5 manata satışa çıxarılıb. Burada 4 manata satılan Qazax pomidorundan başqa kiloqramı 2 manata satılan Şəmkir pomidoruna da rast gəlinir. Amma bazarda onun əslində Türkiyədən idxal olunan pomidor olduğu haqda danışırdılar.
Badımcanın qiyməti də nəinki enməyib, hətta qalxıb da. Bazarda yerli Binə badımcanının kiloqramı 4 manatdır. Xaricdən ixrac olunmuş badımcan isə 3 manat təklif olunur.Xiyarın kiloqramı da növündən asılı olaraq 4 manatdan 1,5 manat arasında dəyişir.
Tərtərdən gətirilmiş kələm və yerkökü isə nisbətən ucuzdur- kiloqramı 80 qəpik-1manat arası satılır.
Şəmkir, Cəlilabad rayonlarından gətirilmiş təzə kartofun kiloqramı isə 2-3 manat arasında dəyişir. Maraqlıdır ki, təzə kartof Bakının supermarketlərində daha ucuzdur. Məsələn, paytaxtın Nizami küçəsindəki “Fresco” supermarketində təzə Şəmkir kartofu 1 manat 90 qəpiyə idi. Səbəb isə budur ki, bazarda satıcılar kartofu və digər malları “Meyvəli” topdansatış bazasından alırlar, supermarketlərin bəziləri isə birbaşa istehsalçılarla müqavilə bağlayıb tərəvəzi onlardan əldə edirlər.
Qiymətlərdən isə təkcə alıcılar deyil, satıcılar da narazıdır. Onlar deyirlər ki, tərəvəz get-gedə bollaşsa da, qiymətlərin düşməməsi alıcıların sayını azaldır. Satıcı Əli deyir ki, meyvə-tərəvəz bazarında qiymətlərin azalması üçün ən azı bir ay gözləmək lazımdır.
“Rayondan gələn malların siftəsi həmişə baha olur. Məsələn, Masallıdan gətirdiyimiz xiyarın qiyməti əvvəl 4 manat idi, sonra 3 manat oldu, indi də 2,5 manata satırıq. Zirə pomidoru əvvl 7 manat idi, indi 5 manata, 4,5 manata satılır. Rusiyada bir ay olardı Azərbaycan pomidorunun ucuz satılması ilə bağlı səs-küy qaldırmışdılar. Onu satıcılar yalan deyirdilər, əslində həmin pomidor Türkiyədən aparılan pomidordur, Azərbaycan məhsulu həmişə baha olub. Qiymətlərin enməsi üçün azı bir ay keçməlidir”, - bunları Xalid adlı satıcı bildirir.
Bazarda söhbətləşdiyimiz alıcılar isə deyir ki, qiymətlərin baha olmasına görə tərəvəzə yaxın düşə bilmirlər: “Hər il mart ayından xiyar-pomidor alırdıq. Amma bu il mart da qurtarıb, amma bu tərəvəzlərin qiyməti cibimizə görə deyil. Ancaq ad günündə, qonaqlıqda məcbur olub süfrəyə xiyar-pomidor qoyuruq . Çox bahalıqıdır”, - deyə adını sözyləmək istəməyən alıcı bildirir.

Qiymətlərin bu cür baha olması isə həm iqtisadçı ekspertlərə, həm satıcılara görə istixanalarda məhsulun maya dəyərinin artmasıdır. Çünki elektrik enerjisinə və təbii qaza görə istixanalar indi daha artıq ödəməli olurlar. Digər tərəfdən digər malların bahalaşması bu sahəyə də öz təsirini göstərib. Nəhayət Azərbaycandan Rusiyaya tərəvəz ixracı artdığından bu da daxili bazarda qiymətlərə təsir edib.
Gülnar Əliyeva 






Tarix: 5-04-2017, 07:23