“Nvidia”nın baş direktoru Çin casusluğu ilə bağlı iddialara görə araşdırılacaq
“Nvidia” şirkətinin direktorlar şurası baş direktor Censen Huanqın Çin kəşfiyyatının mümkün casusluq əməliyyatının hədəfinə çevrilməsi ilə bağlı iddiaların müstəqil şəkildə araşdırılacağını açıqlayıb.Azsiamaz.com Valyuta.az-a istinadən xəbər verir ki, araşdırmaya Huanqın Sinqapurda yerləşən çip istehsalçısı “Megaspeed” şirkətinin keçmiş rəhbər işçisi Elis Huanqla nikahdankənar münasibətdə olması barədə məlumatlar səbəb olub.
Bu ilin əvvəlində ABŞ siyasətçiləri arasında yayılan memorandumda Elis Huanqın “Nvidia”nın baş direktoruna casusluq etmək məqsədilə Çinin Dövlət Təhlükəsizliyi Nazirliyi tərəfindən əməkdaşlığa cəlb olunduğu iddia edilib.
Censen Huanq əməkdaşlarına ünvanladığı məktubda nikahdankənar münasibətdə olduğunu etiraf edib və ailəsindən üzr istəyib. Bununla belə, o, məktubunda qadının adını açıqlamayıb.
“Ailəmdən və hamınızdan üzr istəməliyəm. Həyat yoldaşıma xəyanət etmişəm. Hərəkətlərim ona və övladlarımıza zərər vurub. Etdiklərimə heç bir bəraət qazandırmaq mümkün deyil. Buna görə dərindən təəssüflənirəm”, - deyə Huanq bildirib.
O, həmçinin şirkət qarşısındakı məsuliyyətini lazımi səviyyədə yerinə yetirə bilmədiyini etiraf edib.
“Nvidia”nın direktorlar şurası isə milli təhlükəsizliyə və ya şirkətin kommersiya sirlərinə xələl gətirildiyini düşünmək üçün heç bir əsas olmadığını açıqlayıb.
Şirkətin məlumatına görə, Huanq araşdırmanı tam dəstəkləyir və prosesdə əməkdaşlıq etməyi öhdəsinə götürüb. Direktorlar şurası baş direktora və onun komandasına etimadını qoruduğunu da bildirib.
Araşdırma kənar hüquq məsləhətçiləri ilə əməkdaşlıq edən müstəqil direktorlar tərəfindən aparılacaq.
Qeyd edək ki, ABŞ və Çin arasında süni intellekt sahəsində rəqabətin gücləndiyi bir vaxtda “Nvidia”nın istehsal etdiyi yarımkeçirici çiplər strateji əhəmiyyət daşıyır. Censen Huanqın ABŞ Prezidenti Donald Trampla da yaxın münasibətlərinin olduğu bildirilir.
Tarix: 10-11-2026, 16:49