2025-ci ilin sonu yaxınlaşsa da, dünyanın siyasi arenasında gərginlik səngimir. Xüsusən də ABŞ ilə Venesuela arasında. Amerika prezidenti Donald Trampın venesuelalı həmkarı Nikolas Maduroya ölkəni tərk etməsi ilə bağlı ultimatum verməsi, onun gedişində təhlükəsizliyinə zəmanət verəcəyi, eyni zamanda Amerika ordusunun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə “mübarizə çərçivəsində” yaxın vaxtlarda Latın Amerikasında yerüstü hədəflərə zərbələr endirməyə başlayacağı ilə bağlı Ağ Ev rəhbərinin bəyanatı dövlətlər arasında münasibətlərin soyumadığından xəbər verir. Halbuki, yaxın tarixdə ABŞ bu ölkəni yaxından dəstəkləyən, çevrilişlərə sevinən şimal qonşusu olub.XIX-XX əsrlərdə münasibətlər: ABŞ diktatura rejimini dəstəkləyib.

ABŞ Qran Kolumbiyadan ayrılan Venesuelanı dövlət kimi 1835-də tanıyıb. Özü də müstəqil Karakasın 5 yaşı tamam olanda. Bir il sonda Vaşinqton təzə dostu ilə ilk ticarət müqaviləsi imzalayıb. Hətta Böyük Britaniya, İtaliya və Almaniya Venesuela hökumətinin borclarını ödəyə bilməməsi səbəbindən bu ölkənin sahillərində dəniz blokadası tətbiq etdikdə, ABŞ Monro Doktrinasına (Amerika qitəsini Avropa güclərinin müdaxiləsinə qapalı zona elan edən) əsasən hərəkət edərək, hərbi dəniz təhdidini aradan qaldırmağa məcbur edib.
1910-cu illərdə neft yataqlarının kəşfindən sonra Amerika şirkətləri onların işlənməsi üçün güzəştlər alıb və Venesuela ABŞ-nin ən böyük neft tədarükçülərindən birinə çevrilib. İqtisadi əlaqələrin sürətli inkişafı fonunda 1939-cu ildə iki ölkənin diplomatik nümayəndəlikləri səfirliyə dönüb. İkinci dünya müharibəsi illərində Venesuela ABŞ və Böyük Britaniya üçün strateji yanacaq təchizatçısı olub.

1948-ci ildə hərbi çevriliş nəticəsində Venesuelada Markos Peres Ximenes hakimiyyətə gəlsə də, şimal dövlətin şirkətləri neft ehtiyatlarına nəzarəti əlində saxlayıb. Diktatura rejimi quran Peres repressiyalar həyata keçirsə də, Duayt Eyzenhauer administrasiyasının dəstəyini mütəmadi alıb. Bu dövrdə Venesuelada Amerika əleyhinə əhval-ruhiyyə artıb. 1958-ci ildə Peres Ximenezin devrilməsindən sonra ABŞ-nin vitse-prezidenti Riçard Niksonun Karakasa səfəri zamanı venesuelalı solçu fəalların hücumuna məruz qalması iki ölkə arasında ciddi diplomatik böhrana səbəb olub.
1960-cı ildən 1990-cı illərə qədər iki ölkə arasında münasibətlər sabit tərəfdaşlıq xarakteri daşıyıb. Belə ki, Venesuela ABŞ-yə əsas neft ixracatçılarından biri və Amerika mallarının əsas idxalçısı olub.
Çaves dövrü
1998-ci ildə solçu ideologiyanın və sosial islahatların tərəfdarı olan Uqo Çaves Venesuelanın prezidenti seçilib (2000, 2006 və 2012-ci illərdə yenidən seçilib). O, əsas sənaye sahələrini, o cümlədən nefti milliləşdirib, sosial islahatlar həyata keçirdi və Kuba hökuməti ilə dostluq əlaqələri qurub. 2004-cü ildə Kuba Dövlət Şurasının sədri Fidel Kastro ilə birlikdə Latın Amerikası ölkələrinin "Amerika üçün Bolivar Alternativi" alyansını (2009-cu ildən Amerika Xalqları üçün Bolivar Alyansı, ALBA) yaradıb. Sosialist yönümlü ölkələrin bu regional birliyi Amerikanın Qərb yarımkürəsində Amerikalararası Azad Ticarət Zonasının yaradılması layihəsinə əks çəki kimi düşünülüb. Bundan əlavə, Venesuela və Kuba bir sıra Karib hövzəsi və Mərkəzi Amerika ölkələrinə Venesuela neftinin güzəştli tədarükü proqramı – “PetroCaribe” təşəbbüsü ilə çıxış ediblər.
O, 2005-ci ildən dövlətə məxsus Petroleos de Venesuela neft korporasiyası (PDVSA) vasitəsilə həyata keçirilib. Onun məqsədi Venesuelanın neft tədarükünü diversifikasiya etmək və region ölkələri arasında qarşılıqlı inteqrasiyanı təşviq etmək olub. Vaşinqton bu addımlara cavab olaraq Amerika investisiyalarını Venesueladan çıxarıb, sanksiyalar tətbiq edib və maliyyə ehtiyatlarını dondurub.

2005-ci ildə Çaves hökumətinin narkotik ticarətini dayandıra bilməməsi bəhanəsi ilə sanksiyalar tətbiq edilib; 2006-cı ildə silah və hərbi texnikaya qoyulan embarqo ölkənin terrorla mübarizədə əməkdaşlığın olmaması kimi göstərilib. 2008-ci ildə Venesuela Boliviya prezidenti Evo Moralesin müxalifətlə əlaqədə ittiham olunan amerikalı diplomatı ölkədən qovmaq qərarı ilə həmrəy olaraq Amerika səfirini Karakasdan çıxarıb. ABŞ-də eyni addım atandan sonra dövlətlər arasında diplomatik münasibətləri müvəqqəti işlər vəkili vəzifəsinə düşüb. İranla əlaqələrinə görə PDVSA-ya qarşı sanksiyaların tətbiqi ikitərəfli münasibətləri daha da pisləşdirib.
Madurolu Venesuela: ABŞ ilə münasibətlərdə ciddi böhran yaranıb2013-cü ildə Uqo Çavesin varisi Nikolas Maduronun (2018 və 2024-cü illərdə yenidən seçilib) Venesuelada hakimiyyətə gəlməsi ilə ABŞ bu ölkəyə təzyiq siyasətini davam etdirib. 2014-cü ildə Barak Obama administrasiyası prezidentə “insan haqlarının pozulması və antidemokratik hərəkətlərə” görə Venesuela siyasətçilərinə sanksiya tətbiq etməyə icazə verən qanun qəbul edib. Bir il sonra Obama Venesuelanı ABŞ-ın milli təhlükəsizliyinə təhdid elan edib və bu ölkənin hökumətinin üzvlərinə qarşı sanksiyalar tətbiq edib. Donald Trampın ilk prezidentlik dövründə (2017-2021) sanksiyalar genişləndirilib, Venesuela hökumətinin və PDVSA-nın borc qiymətli kağızları ilə əməliyyatlar qadağan edilib və Venesuelanın neft və qaz sənayesi ilə bağlı üçüncü tərəf əməliyyatlarına embarqo qoyulub.
2025-ci ildə Ağ Evə qayıdan Donald Tramp “Chevron”un lisenziyasını ləğv edib və Venesuela ilə birbaşa və ya vasitəçilərlə neft ticarəti həyata keçirən ölkələrdən ABŞ-yə idxal edilən bütün mallara 25 faizlik gömrük rüsumunun tətbiqi haqqında sərəncam verib. Lakin iyul ayında münasibətlər yumşalıb və ABŞ bu ölkədən neft idxalını bərpa edib. Lakin 2025-ci ilin avqustunda Venesuela ilə ABŞ arasında münasibətlər kəskin şəkildə pisləşib.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə çərçivəsində Tramp administrasiyası Latın Amerikası narkotik kartellərini terror təşkilatları siyahısına salıb, Nikolas Maduronu narkotik alverində iştirakda ittiham edib və onun həbsinə görə mükafatı 50 milyon dollara çatdırıb. Daha sonra Venesuela sahillərinə ABŞ Hərbi Dəniz Qüvvələrinin üç esminesi, ardınca nüvə sualtı qayığı, idarə olunan raket kreyseri, desant gəmiləri və 4500 hərbi qulluqçu bölgəyə göndərilib. İki əsr dövründə ölkələr arasında mövcud dostluq artıq düşmənçiliyə çevrilib. Dünyada sülhü dəstələyən Trampın yeni münaqişəyə səbəb olacağı sual altındadır.
İlkin Nəcəf,