Səməd Vurğun Azərbaycan xalqının düşməni Şaumyanı “Qafqazın qartalı", Məhəmməd Əmin Rəsulzadəni isə xəyanətkar, şarlatan adlandırırdı… -Samir Feyruzovdan tarixə baxış

Samir Feyruzov

Ölkəmizin üç və iç üzü… - Hamı özündən əvvəlkini söyür, amma söyən də, söyülən də tarixdə qalır - Tariximizin ələyi yoxdur
Hələ coğrafiyamız bütünlüklə kulturanın əndamına tüpürməmişdi, bütün yeniliklər klassizmin yorğun ayaqları, sentimental çiyinləri üzərində bərqərar olacaqdı. Cəfər Cabbarlı “qadınları kişilərin kölgəsi olmaqdan” xilas etməmişdi, “Sevil”dən sonra evlərdə məişət qətlləri boy atmamışdı və qadınlarımız çadralarını çıxarıb ərlərinin başına çırpmamışdılar. Di gəl, 1919-cu ildə Bakının mərkəzində yerləşən parkın girişinə lentlər çəkilirdi, indiki dillə desək, “şlaqbaum” qoyulurdu. Axşamüstü imkanlı şəxslərin, məmuriyyətin ailəsi parkda gəzintiyə çıxırdı deyə, üzüqara fəhlələrin parka girişi də qadağan olunmuşdu. 

Həmin dövrdə o qədər “bandit” milyonçular olub ki, indi onları tariximizin ən dilbər və ən səfeh səhifələrində xeyriyyəçi kimi vəsf edirik, öyrənirik. Amma bu hadisələrdən 130 il əvvəl Fransada burjua, 2 il əvvəl isə Rusiyada fevral inqilabı baş vermişdi, indiki kimi ölkəmizdə rus qızları yox, firəngistanın saçları kəklikotuna, tumanları şahmat taxtasına bənzəyən qızlarının xatirələri dəbdə idi. 

C.Cabbarlı düz tutmuşdu, Balaşın timsalında klassik kişi obrazını hardan yıxacağını bilirdi, amma Sevili də Rusiyaya oxumağa göndərdi. 

Lənətə gəlmiş zaman tumanını yırtdı, bütün qadınlar azad oldu, illər keçdi, SSRİ də dağıldı və müstəqil olduq... 2004-cü ildə divar qəzetində yazmışdım, sonradan hansısa həmkarım bunu başqa bir qəzetdə elə həmin dövrlərdə qələmə aldı. Cabbarlının “28 may metrosu”nun qarşısında yerləşən heykəlinin ətrafı yüngül əxlaqlı qadınlarla doldu. Kimin əlinə “bir məmməd” düşürdüsə, ora qaçırdı. Vot, bu da sənin heykəlinin taleyi... Azad qadın istəmirdinmi, bu da sənə azad qadın! Di get, öhdəsindən gəl! Kim və niyə cəzalandırırdı heykəli, bilmirəm. 

Fəqət, qorxu yenə də hakimdir, o boyda Aqil Abbas parlamentdə “bu gün televiziyalarda əsas gəlir gətirən arvad boğuşmasıdır” tənqidinə girişir, bunu da spiker Sahibə Qafarova ona irad tutur ki, “arvad boğuşması, bu, parlament sözüdür?...”. A.Abbas dərhal üzr istədi. Əslində A.Abbas tək adam deyil e, onun ədəbiyyatda da, cəmiyyətdə də iki kimliyi var, o, ölkənin ən ləyaqətli kişilərindən biri, ədəbiyyatımızın məhəg daşlarından birinə çevrilən Məmməd Arazın kürəkənidir axı. Anlamıram, arvad sözü pis sözdür? Kişi ilə qadın rəsmi nigaha girərkən ər-arvad adlanırsa, bunlardan birinə “arvad” deyəndə niyə acığınıza gəlir?! Dəyişin də, eləyin “həyat yoldaşı...”. A.Abbas yazıçıdır, fikirlərini  belə izah etməlidir də, parlamenti də xalq seçmirmi? İmkan verin, xalq dilində danışsın da! O, Aydın Mirzəzadə deyil ki, bəkarəti pozulmuş rəsmi ifadələrlə və “yastı Salman” qılığına girib hamının və hər kəsin dostu ola bilsin...

Bu gün vəhşət dolu hadisələrə şahidlik edirik. Cəmiyyət söyüşlə silahlandırılıb, səfərbər olunub, ölkənin bütün damarlarında – “cəbhə boyu” sıralanıb, hər evdə, hər küçədə, hər kənddə, hər rayonda cırmağa, dağıtmağa, söyməyə müsəlləh olan ordular formalaşır. Nə yazıq ki, sosial şəbəkələr içimizə güzgü tutdu. 

İndi hamı Əlisa Nicatı söyür… 

Süleyman Rüstəm Şərqdə ilk cumhuriyətin qurucusu Məhəmməd Əmin Rəsulzadəyə it deyirdi:

"İstanbulda qab yalayan divanələr sizin olsun...
...Yetər, yetər həyasızlıq, qıpqırmızı yalan yetər, 
Siz hey hürün, nə eybi var: “İt hürsə də, karvan keçər"…

Amma Rəsulzadə tarixdə qalır və yaşayır… 

S.Rüstəmi də heç kəs ədəbiyyatdan silə bilməyəcək. Amma ona görə yox ki, o, buna layqidir. Ona görə ki, o, bizə layiqdir, özümüzdür. 

Səməd Vurğun Azərbaycan xalqının düşməni Şaumyanı “Qafqazın qartalı", Məhəmməd Əmin Rəsulzadəni isə xəyanətkar, şarlatan adlandırırdı… Və nəhəng Ə.Nicat bunu dilə gətirir.

Amma S.Vurğun da o ifadələrinə görə ədəbiyyatdan qopmayacaq, həmişə əzbərlənəcək. Ona görə yox ki, o, böyük istedad sahibi olub, ona görə ki, o, yaltaqlığın fundamental əsaslarını ən xırda molekullarına qədər Azərbaycan ədəbiyyatına gətirə bilib, bunu bacarıb və biz özümüzü onun əsərlərində tapa bilirik. 

Ə.Nicat isə S.Rüstəm, S.Vurğun kimi yaşamaq istəmir. İstəmir də! 300 manat pensiya ilə sürünür, heç kəsə də yaltaqlanmır. Nəvəsi yaşda olan istedadsız şairlər, yazıçılar min cür hiylə-kələklə dövlətdən ev, iş alıblar. 

O, xroniki inciklikdən əziyyət çəkir. 

Amma Ə.Nicatı da heç kəs elm-fəlsəfə tariximizdən silə bilməyəcək. Biz heç vaxt özümüzü Ə.Nicatda tapa bilmərik. Çünki o, inkarçıdır, ziyalı qılığına girmir. Zalım oğlunu yerə yıxıb ağzına-ağzına döşəyəsən, ağlı başına gələ…

İndi durub deyim ki, Azərbaycan tarixində bəlkə də ilk dəfə Əlimərdan bəy Topçubaşov qaynanaya “ana” deyib. Hamı inciyə bilər axı.. Qaynanası, H.Zərdabinin arvadı Hənifə xanıma məktubu var: “Çox hörmətli və əziz ana! Əminliklə bildirirəm ki, bundan sonra da Pəricana olan münasibətimi heç nə dəyişə bilməz, əksinə, bizim ailə həyatımızın hər yeni bir günündə mənim Pəricana olan sevgim daha da artır…”.

Gözəl dədəmiz Mərdan bəy H.Zərdabinin mənasız tələbindən bezmişdi və məktubu da kövrək tonda qələmə almışdı. Zərdabinin qızı Pəri xanım anasına yazır: “Mehriban ana! Kəbin mərasim zamanı kiçik bir anlaşılmazlıq oldu. Sən demə, atam Mərdan bəydən 10 000 pul tələb edib, amma Mərdan bəyin bu məbləğdə nəğd pulu olmadığı üçün verə bilməyib”. 

Və beləcə başlıq pulu tələbinə görə Mərdan bəylə Pəri xanım Tiflisdə kiçik bir toy edib evlənirlər. İndi nə edək, ömrü boyu başlıq puluna qarşı mübarizə aparan Zərdabinin bu yersiz hərəkətlərinin ucundan tutub rüsvay edək?! İlk qəzet yaradıb da… Budur e, medalı da gəlir, “Mətbuatın 150 illik medalı” qələminə, mətbu kimliyinə nə qədər xəyanət edən adam varsa, hamısı indidən cəbhələşib, medal istəyirlər, sinələri qəribsəyib. Sən onların yanında düz, ədalətli ola bilərsən? Adamı rəzili-rüsvay edərlər, çörəyini, suyunu kəsərlər.

Uzun illlərdən sonra başa düşdüm ki, Azərbaycanda rahat yaşamağın 3 yolu var, ya Əli ərimli kimi olmalısan, ya Siyavuş Novruzov kimi, ya da və ən əsası Qulu Məhərrəmli kimi...

Yəni, əslində ölkəmizin üç və iç üzü bunlardır…

Niyəsi növbəti yazıda…! 

Tarix: 8-02-2025, 11:10
Xəbəri paylaş





Xəbər lenti